Accessibility links

ABŞ Azərbaycan və Ermənistan arasında hərbi toqquşmadan narahatdır


ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmadan narahatlığını bildirib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller fevralın 13-də keçirilən ənənəvi brifinqdə Turan agentliyninin iki ölkənin sərhədindəki son gərginliklə bağlı sualının cavabında deyib ki, rəsmi Vaşinqton bir neçə itki ilə nəticələnən ölümcül hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatdır.

“Həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır. Hər hansı atəşkəs pozuntusu araşdırılmalı və lazımi şəkildə aradan qaldırılmalıdır. Dövlət katibinin daim vurğuladığı kimi, Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir”, o qeyd edib.

Fevralın 16-da başlayacaq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ rəsmilərinin Azərbaycan və Ermənistan lidelrəi ilə görüşünün mümkünlüyü ilə bağlı suala cavabda Metyu Millerin deyib ki, Münhendə görüşlərlə bağlı şərhi yoxdur.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Sünik vilayətinin Nerkin Hand kəndi yaxınlığında yerləşən mövqelərini atəşə tutub. Nəticədə Ermənistanın dörd əsgəri həlak olub, bir əsgəri yaralanıb.

Bu insident Azərbaycan-Ermənistan sərhədində son günlər silahlı insidentlərin fonunda qeydə alınıb. Fevralın 12-də Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hərbçisi yaralandırqdan sonra, növbəti gün insidentlər davam edib.

Forum

XS
SM
MD
LG