Accessibility links

Avropa İttifaqının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, Ermənistandakı monitorinq missiyası tənqid olunub


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko

Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.

Xarici İşlər Nazirliyi bildirir ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib.

“Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib,” məlumatda bildirlir.

Avrop İttifaqı və bu qurumun Azərbaycandakı nümayəndəliyi hələ görüşlə bağlı məlumat yaymayıb.

Peter Mixalko bir neçə gün öncə X platformasında yazıb ki, Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc edib. O, mülki, silahsız bir missiyanın mandatının müşahidə aparmaq olduğunu vurğulayıb.

Fevralın əvvəlində Azərbaycan-Ermənistan sərhədini qanunsuz keçdiyi bildirilən Çexiya vətəndaşının saxlanılması haqda xəbərlər yayılmışdı. Azərbaycanda hökumətə yaxın media həmin şəxsin Qərb kəşfiyyatı üçün işlədiyini, Aİ-nin sərhəd monitorinq missiyasına bağlılığını iddia etmiş, Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik isə bu iddiaları rədd etmişdi.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası 2022-ci il oktyabrın 17-dən fəaliyyət göstərir. İlkin olaraq Ermənistanın Azərbaycanla sərhədi boyunca 40 nəfər müşhidəçi yerləşdirilsə də hazırda onların sayı 209 nəfərədək artırılıb. Belə ki, Avropa İttifaqı 2023-cü ilin dekabrında müşahidəçilərin sayının 209 nəfərədək artırılması barədə qərar qəbul edib.

Azərbaycan öz ərazisində sərhədi boyunca missiyanın yerləşdirilməsinə razılıq verməyib.

Forum

XS
SM
MD
LG