Accessibility links

"Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi insan hüquqlarının vəziyyətində də özünü əks etdirməlidir"


Avropa Parlamentinin üzvü, Almaniyanın Yaşıllar partiyasından olan Viola Von Kramon-Taubadel Avropa İttifaqı-Azərbaycan münasibətləri, Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə Amerikanın Səsinə danışıb.

Xanım Von Kramon, Avropa İttifaqı ilə Azərbaycan arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz? Fikrinizcə, hansı məsələlər nəzərdən keçirilməlidir?

İlk olaraq, Avropa İttifaqı Azərbaycanla yaxşı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycan regionda əsas oyunçulardan biridir. Biz ticarət əlaqələrinin təkcə qaz sövdələşməsi ilə deyil, həm Avropa İttifaqının, həm də Azərbaycan tərəfinin maraqlarına uyğun daha da dərinləşməsini nəzərdən keçirməliyik. Bunun isə bir siyasi çərçivəsi olmalıdır. Mən Avropa İttifaqının Azərbaycanla hərtərəfli sazişə maraqlı olduğunu bilirəm. Ancaq bunun üçün müəyyən siyasi öhdəliklər yerinə yetirilməlidir. Bu baxımdan, biz Azərbaycanın iqtisadi-ticari əlaqələrin genişlənməsində olduqca maraqlı olduğunu görürük. Digər tərəfdən, insan hüquqları, daxili islahatlar, söz və mətbuat azadlığı və digər siyasi öhdəliklərə gəldikdə isə Azərbaycanın istəksiz olduğunu görürük. Bu isə problemlərə yol açır.

"Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi insan hüquqlarının vəziyyətində də özünü əks etdirməlidir"
please wait

No media source currently available

0:00 0:04:59 0:00

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair hesabatı Avropa İttifaqını Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində daha fəal rol almağa çağırır. Sizcə, Avropa İttifaqı münaqişənin həlli, regionda davamlı sülhə nail olunması üçün hansı addımları atmalıdır?

Əlbəttə, biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bu öz yerində, amma eyni zamanda Azərbaycanın hərbi güc yolu ilə məsələnin həllinə çalışmasına rəğbət bəsləyə bilmərik. Avropa İttifaqı ilk dəfə bölgəyə tam hüquqlu monitorinq missiyası göndərir. Bu, irəliyə doğru böyük addımdır. Biz bunun üçün ciddi səy göstərdik. Ancaq hazırda onlar yalnız Ermənistanda fəaliyyət göstərə bilərlər. Azərbaycan hökumətini bu müstəqil mülki müşahidə missiyasının Azərbaycanda da fəaliyyətinə imkan yaratmağa çağırıram. Bu olarsa, Avropa İttifaqı münaqişənin həllində, davamlı sülhün və qarşılıqlı münasibətlərin qurulmasında daha böyük rol ala bilər. Və biz yeni böhranların, hərbi münaqişələrin qarşısını ala bilərik. Avropa İttifaqı nə Azərbaycanın, nə də Ermənistanın tərəfində deyil. Biz hər iki ölkənin həm öz aralarında, həm də Avropa İttifaqı ilə yaxşı əlaqələr qurmasında maraqlıyıq. İnsanların bərabər sülh şəraitində yaşamasına, regionda firavanlığa, əminamanlığa yola açacaq həll yolunun tapılması bizim üçün önəmlidir.

Azərbaycanda insan hüquqlarının, habelə, söz və mətbuat azadlığının mövcud durumu barədə nə düşünürsünüz? Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının təşviqi və qorunması üçün hansı addımları ata bilər?

Avropa İttifaqı müxtəlif iqtisadi sahələrdə əlaqələrin genişlənməsində maraqlıdır. Azərbaycan təhcizat, nəqliyyat, enerji resursları baxımından vacib tərəfdaşdır. Ancaq məsələnin həm də siyasi tərəfi var. Biz Azərbaycanın demokratikləşməsinin tərəfdarıyıq. Ticari-iqtisadi əlaqələrin dərinləşməsi insan hüquqlarının vəziyyətində də özünü əks etdirməlidir. Jurnalistlərin müstəqil fəaliyyət göstərə bilmələrinə şərait yaradılmalıdır. Onlar tənqidi yazılarına görə hücuma və təqiblərə məruz qalmamalıdır. Azərbaycan, həmçinin Avropa Şurası üzvü kimi fundamental hüquqları qorumalıdır. Avropa Şurasına üzv olarkən Azərbaycan müəyyən dəyərlərin qorunması və təşvliqinə dair öhdəlik götürüb. İnsan hüquqları bu dəyərlərdən biridir. Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin dərinləşməsi üçün bu məsələlər sorğulanmalıdır. Bizim yanaşmamız odur ki, ölkədə siyasi məhbuslar olmamalıdır, polis idarələrində işgəncələrə son qoyulmalıdır, müstəqil jurnalistlərə qarşı təqiblərə son qoyulmalıdır, müxalif siyasi təşəbbüslər boğulmamalıdır və s. Yəni təkmilləşdirilməsinə ehtiyac olan məsələlərin böyük bir siyahısı var.

XS
SM
MD
LG