Accessibility links

BMT-nin Qarabağa missiyası başa çatıb


BMT
BMT

Birləşmiş Millətlər Təşkilatının yerlərdə vəziyyəti qiymətləndirmək məqsədi ilə Qarabağa missiyanın tamamlandığı bildirilir. Bu barədə təşkilatın açıqladığı məlumatda deyilir.

Sənəddə bildirilir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə BMT missiyası Qarabağa oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edib.

Məlumatda qeyd olunur ki, Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olub.

"Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib", məlumatda bildirilir.

Press relizdə qeyd olunur ki, missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib. Qarabağda qalan ermənilərin sayına gəldikdə, həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər.

"Missiya üzvləri yerli əhalinin evlərini qəfil tərk etməsi və bunun səbəb ola biləcəyi əzablardan heyrətə gəlib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb"- deyə, məlumatda bildirilir.

Missiyanın müşahidəsinə əsasən deyilir ki, kənd yerləri haqqında məlumatın və oralara çıxışın məhdud olduğunu nəzərə alaraq, kənd yerlərində heyvandarlıq və əkinçiliklə bağlı, o cümlədən fermerlərin qarşıdan gələn mövsümdə buğda səpininə əlçatanlığı və ya hazır olub-olmaması barədə məlumat yoxdur.

"Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib. Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir. Aydın olan odur ki, etimad və inamın yaradılması lazımdır və bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var", məlumatda qeyd edilir.

Missiya daha sonra Laçın yolu ilə son bir neçə gün ərzində 100 min etnik erməninin keçdiyi nəzarət-buraxılış məntəqəsinə gedib.

"Burada missiya üzvləri Ermənistana doğru hərəkət edən heç bir mülki avtomobilə rast gəlməyib. Xankəndi şəhərində isə missiya onlarla sərnişini Ermənistana aparan avtobus görüb. 2020-ci ildə geri qaytarılan ərazilərin bir hissəsi olan Ağdamdan keçən missiya dağıntıları və ərazilərin minalardan təmizlənməsinə olan ehtiyacı, habelə hökumətin apardığı yenidənqurma işlərini müşahidə edib", məlumatda deyilir.

BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Missiya yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb.

"Azərbaycan Respublikası Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq, BMT-nin Azərbaycandakı nümayəndəliyi Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır", BMT missiyasının açıqladığı məlumatda bildirilir.

BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik gündəlik brifinq zamanı BMT-nin Azərbaycandakı nümayəndələrinin regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırdığını bildirib. O, BMT-nin Ermənistandakı qəbul mərkəzlərinə yeni gələnlərin ehtiyaclarını ünvanladığını qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının missiyası oktyabrın 1-də 30 ildə ilk dəfə olaraq Qarabağa gəlib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Ağdamdan keçərək, Xankəndiyə gedib, daha sonra Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.

BMT missiyası Qarabağa erməni sakinlərin kütləvi şəkildə regionu tərk etməsindən sonra səfər edib. Ermənistan hökumətinin verdiyi məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi 24 saatlıq hərbi əməliyyat nəticəsində Qarabağ separatçı qüvvələrinin təslim olmasından sonra Qarabağı 100 mindən çox erməni tərk edib.

Forum

XS
SM
MD
LG