Accessibility links

Azərbaycan Ermənistan tərəfdən açılan atəşlə hərbçisinin yaralandığını bildirir


Sərhəd (Arxiv foto. Mənbə: Dövlət Sərhəd Xidməti)
Sərhəd (Arxiv foto. Mənbə: Dövlət Sərhəd Xidməti)

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu (Bakıdan 426 kilometr cənub qərb) ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Bu barədə AZƏRTAC dövlət agentliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, “təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə yaralanıb”. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

“Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı video-müşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilir.

Bu, sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan və Ermənistan sərhədində ilk silahlı insidentdir.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin mətbuat xidmətindən Armenpress agentliyinə bildiriblər ki, fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəpan (Qafan)-Zəngəlan hissəsində erməni hərbçilərin atəşə tutması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır.

“Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin mətbuat xidmətinin məlumatında deyilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG