Accessibility links

Ceyhun Bayramov Ermənistanla sülh prosesindən, Fransa və Avropa Şurası ilə münasibətlərdən danışıb


Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin sualının cavabında bildirib ki, yanvarın əvvəlində Azərbaycan Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti şərhlər paketini əldə edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir.

“Düşünürəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq. Bildiyiniz kimi, sülh müqaviləsi üzrə danışıqlar bir qayda olaraq həm də fiziki görüşlər vasitəsilə həyata keçirilir”, o qeyd edib.

Bayramovun sözlərinə görə, yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların görüşlərinin keçirilməsi planlaşdırılır.

Komissiyanın əvvəlki görüşü ötən ilin sonlarında iki ölkənin baş nazirlərinin müavinlərinin başçılığı ilə keçirilib.

Nazir həmçinin Azərbaycan-Fransa münasibətlərinə toxunub, hazırda bu münasibətlərin "ən aşağı səviyyədə" olduğunu deyib.

O bildirib ki, Azərbaycan tərəfi Fransa ilə münasibətləri böhran səviyyəsinə çatdırmaq üçün heç bir təşəbbüs irəli sürməyib.

“Tam məsuliyyətlə qeyd edə bilərəm ki, müxtəlif platformalarda örtülü şəkildə ölkəmizə qarşı aparılan sistemli işin arxasında dayanan əsas ölkə məhz Fransadır. Bu addımları atan ölkəyə qarşı da Azərbaycan adekvat cavab verəcək. Fransa atdığı addımların yanlış olduğunu nə zaman bildirərsə, biz o zaman onu dəyərləndirərik”, - deyən nazir Fransanın gec-tez bu qənaətə gələcəyinə ümidvar olduğunu bildirib.

Bayramov Avropa Şurası Parlament Assambleyasını (AŞPA) da "qərəzli" olmaqda ittiham edib.

"Biz AŞPA-nın ölkəmizə qarşı qərəzli addımını qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirib. Mən tamamilə razıyam ki, bizə qarşı bu pis niyyətli addım (Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi - red) Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır", nazir bildirib.

Onun fikrincə, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsindən imtina haqqında təklif "Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq".

Bayramov hesab edir ki, bu addımın "ciddi və dönülməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşür".

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG