Accessibility links

Piter Stano: İnsan haqları və qanun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir


Piter Stano
Piter Stano

"İnsan hüquqları və qanunun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir."

Bunu Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Piter Stano Amerikanın Səsininin Azərbaycanda son həftələrdə bir sıra jurnalistin həbs olunması ilə bağlı şərh istəyinə cavabında bildirib.

O deyib ki, Avropa İttifaqı dəfələrlə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını azərbaycancalı həmkarlarına çatdırıb.

"İfadə azadlığı və müstəqil media hər yerdə və hər kəsə şamil olunan universal dəyərlərdir. Azərbaycanda insan hüquqlarının vəziyyəti və xüsusilə də müstəqil medianın vəziyyəti bizim azərbaycanlı həmkarlarımızla dəfələrlə qaldırdığımız narahatlıq doğuran məsələ olaraq qalır," o deyib.

O, bildirib ki, Avropa İttifaqı 2023-cü ilin 21 dekabr tarixində verdiyi son bəyanatda da vurğuladığı kimi, Azərbaycanı media azadlığı və öz vətəndaşlarının insan hüquqları ilə bağlı daxili və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün hər fürsətdən istifadə edir.

Stanonun sözlərinə görə, insan hüquqları və qanunun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir.

"Aİ hesab edir ki, əsas hüquqlara, o cümlədən ədalətli məhkəmə və müvafiq hüquqi prosedura hörmət sabitlik və rifah üçün fundamentaldır."

Onun dediyinə görə, bu səbəblə də, Aİ Azərbaycanda insan hüquqları sahəsindəki hadisələrlə bağlı narahatlıqları ifadə etməyə imkan verən bütün forumlarda, o cümlədən illik Aİ-Azərbaycan İnsan Hüquqları Dialoqunda iştirak etməyə davam edəcək.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Forum

XS
SM
MD
LG