Accessibility links

Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi müxtəlif reaksiyalarla qarşılanır


Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb.

Müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyəti qərarı ədalətli və zəruri adlandırıb.

"Azərbaycan mütəmadi olaraq Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozur və dəyərlərimizə məhəl qoymur", "Son illər Azərbaycan AŞPA-nın 14 qətnaməsində öhdəliklərini pozan kimi qeyd olunub", "Yüzlərlə siyasi məhbus, onlarla jurnalist həbs edilib və onlardan 10-u bu yaxınlarda həbs edilib", "Avropa Şurasının məruzəçilərinin siyasi məhbuslarla görüşlərinə buraxılmayıb", deputatların əsas iradları bunlar olub.

Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Qətnamə müəllifləri vurğulayıb ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlıdır və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Bununla yanaşı Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə müxtəlif baxışlar var. Bir çox baxışlarda AŞPA-da Ermənistanla bağlı tərəflilikdən danışılsa da, ölkədə insan hüquqları sahəsində ciddi problemlərin olduğu bildirilir. Amma insan hüquqları ilə bağlı problemlər yeni deyil, illərdir davam edir.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Əli Kərimli: Avropa ilə gərginliyi artırdıqca Rusiya və İrandan asılılığımız artacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Azərbaycan Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq.

"Bizim Avropa ilə "döyüşməyimiz" Ermənistanın müttəfiqlərini çoxaldacaq. Biz Avropa ilə aramızdakı gərginliyi artırdıqca Rusiya və İrandan asılılığımız artacaq. Anti-Avropa siyasəti davamlı olsa, ölkəmiz tam olaraq Rusiyanın peykinə çevriləcək", o qeyd edib.

AXCP sədri hesab edir ki, İlham Əliyev anti-Avropa siyasətini davam etdirdikcə, ölkə beynəlxalq təcridə yuvarlanacaq.

"Belarus və Şimali Koreya ilə birlikdə Rusiya ətrafında sıx-sıx birləşməli olacağıq. Anti-Avropa siyasəti onsuz da bərbad gündə olan iqtisadiyyatımıza güclü zərbə vuracaq. Azərbaycanın maddi yardım, sərmayə, kredit, texnologiya əldə etmək imkanları məhdudlaşacaq. Avropadan imtina edib, Mərkəzi Asiyalaşmaq siyasəti davam etdikcə, sadə azərbaycanlının Avropaya vizasız gediş-gəliş arzusu arzu olaraq qalacaq, repressiyalar davam edəcək, məmur özbaşınalığı, hüquqsuzluq və yoxsulluq artacaq", Əli Kərimli belə düşünür.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

Arif Hacılı: Azərbaycanın sivil dünyadan təcridi prosesi gedir

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, 2001-ci ildə Azərbaycanın AŞPA üzvlüyünə qəbul edilməsi hökümətin uğurlu xarici siyasətinin nəticəsi kimi yüksək səslə və uzun müddət təbliğ olunmuşdu.

"İndi, 23 il sonra ölkənin Konstitusiyasına və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olmayan əks proses də düzgün xarici siyasət kimi təbliğ olunur. Problem yalnız AŞPA ilə münasibətlərə aid deyil. Əslində Azərbaycanın tədricən sivil dünyadan təcrid olunması prosesi gedir ki, bu, həm təhlükəsizliyimiz, həm də inkişafımız üçün ağır nəticələrə səbəb ola bilər".

Hacılı hesab edir ki, Azərbaycan televiziyalarında və digər plarformalarda Qərbə qarşı "stəkanda fırtına"nı xatırladan təbliğat kampaniyaları təşkil etmək yanlış yoldur.

"Bu prosesin qarşısını almaq üçün ölkənin daxili və xarici siyasətində ləngimədən fundamental dəyişikliklər edilməlidir", o qeyd edib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: AŞPA-nın səmimiyyəti insanlarda əsaslı şübhə yaradacaq

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov AŞPA-da dünən çıxış etmiş lüksemburqlu deputatın sözlərinə cavab olaraq özünün X sosial şəbəkə hesabında bildirib ki, 23 il ərzində Azərbaycanda insan haqlarının pozulması faktına AŞPA heç də elə ciddi diqqət etmirdi, amma ölkə öz ərazi bütövlüyünü bərpa edəndən sonra nədənsə AŞPA fəallaşdı.

"AŞPA bu məsələni Azərbaycanın ərazi bütövlüyünə qarşı olan gülünc ittihamlarla birləşdirib ortaya qoydu. Yeni olan ancaq işğala son qoymağımızdır. Ona görə AŞPA-nın səmimiyyəti insanlarda əsaslı şübhə yaradacaq. Hökumət isə bunu öz istədiyi kimi istifadə edəcək. Nəticədə, AŞPA-nın çıxardığı qərar ölkədə demokratiyanın güclənməsinə çətin xidmət edə", o qeyd edib.

Stefan Şennak
Stefan Şennak

Stefan Şennak: Öhdəliklər yerinə yetirilməlidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnaməsini Amerikanın Səsinə şərh edib.

"Burada ediləcək bir şey yoxdur. Bu qərar azərbaycanfobiya və islamofobiya ilə bağlı deyil. Çünki Azərbaycan Assambleyanın qarşıdan gələn prezident seçkilərinə dəvət edilməməsi ilə öz öhdəliklərini yerinə yetirmədi".

Onun sözlərinə görə, AŞPA qətnaməyə düzəliş edib, Azərbaycan nümayəndə heyəti islahatları yerinə yetirsə tez qayıda bilər.

"Məncə hökümət bundan istifadə etməlidir. Bu, mənim fikrim deyil idi. Mən belə hərəkət etmədim. Öhdəliklər yerinə yetirilməlidir. Məruzəçilər iki-üç dəfə Laçın koridoruna getmək üçün müraciət ediblər, amma buraxılmayıblar. Eyni zamanda həmməruzəçi siyasi məhbuslarla görüşmək istəyib, lakin icazə verməyiblər. Bu, aydındır ki, açıq-aşkar AŞPA-ya saymamazlıqdır”.

Stefan Şennak hesab edir ki, bu, son qərar deyil.

"Mən Azərbaycan deputatlarına demək istəyirəm ki, bu barədə düşünsünlər, emossional olmaq lazım deyil. Bu qərarda rasizim, islamofobiya yoxdur", o, Amerikanın Səsinin şərhində bildirib.

Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert
Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

Ələsgər Məmmədli: AŞPA-nin qərarı ərazilərin geri qaytarılması ilə bağlı olmasaydı, daha böyük çəkiyə malik ola bilərdi

Hüquqşünas Ələsgər Məmmədli Azərbaycanın səs hüququnu məhdudlaşdırmaqla bağlı Avropa Şurası Parlament Assambleyasının qərarını tənqid edərək onu "qərəzli" adlandırıb.

"Avropa Şurası Parlament Assambleyasının qərarı dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Bu səbəblər arasında 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞPA-nı 7 fevral prezident seçkilərini qiymətləndirməyə dəvət etməkdən imtinası var".

Eyni zamanda, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Azərbaycanı Ermənistanın suverenliyinə qəsd etməkdə ittiham edib, xəbərdarlıq edib ki, bu cür hərəkətlər Bakı üçün ciddi nəticələrə səbəb olacaq.

Ələsgər Məmmədli bildirib ki, bunun ilkin səbəbi Ermənistanla davam edən münaqişədir. O deyib ki, Avropa institutları, xüsusən, Fransanın rəhbərlik etdiyi institutlar Azərbaycanın öz ərazilərini geri qaytarmaq üçün güc tətbiq etməsinə qarşı mübarizə aparır.

Məmmədli insan hüquqları ilə bağlı son problemlərin AŞPA və Avropa İttifaqının atdığı addımların əsas hərəkətverici qüvvəsi olması fikrini qəbul etməyərək deyib ki, siyasi təqib, KİV-in təqib edilməsi və qeyri-düzgün seçkilər kimi problemlər uzun illərdir ki, analoji cavablar olmadan qalır. O qeyd edib ki, son tədbirlərə real təkanı Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etmək üçün apardığı hərbi əməliyyatlar verib.

O vurğulayıb ki, Avropanın cavabı Azərbaycanın erməni işğalına və təcavüzünə son qoymaq hüququnu tanımır. O, Avropa institutlarının hərəkətlərini "qərəzli və Azərbaycan cəmiyyətini hiddətləndirən" hərəkət hesab edir.

O deyib ki, yalnız insan hüquqlarının pozulmasına yönəlmiş daha obyektiv və vaxtında yanaşma Azərbaycan ictimaiyyətində daha inandırıcı əks-səda doğurardı.

Məmmədli Azərbaycanda vəziyyətin qiymətləndirilməsində obyektivliyin vacibliyini vurğulayaraq hadisələrin daha dəqiq şərhinə çağırır.

"AŞPA və Avropa İttifaqının Azərbaycan cəmiyyəti üçün qərəzli görünə biləcək tənqidi ölkənin öz ərazilərini geri qaytarmaq səylərilə əlaqədar olmasaydı, daha böyük çəkiyə malik ola bilərdi", o qeyd edib.

Samed Seyidov
Samed Seyidov

Səməd Seyidov: Avropa Şurası Azərbaycanla şantaj dili ilə danışa bilməz

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, dialoq, qarşılıqlı hörmət əsasında işləməsi tələb olunan AŞPA əslində, bütün bu dəyərlərdən çox uzaqdır.

"İyirmi il ərzində bu təşkilat Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlıya hər hansı mesaj göndərmədiyi, onların problemləri ilə məşğul olmadığı və hətta nümayəndə heyətimizə bu problemlərlə məşğul olmağa qadağa qoyduğu halda, Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra buradakı parlamentarilər ölkəmizə qarşı ciddi cəhdlə belə bir kampaniya başlamışdılar".

O xatırladıb ki, Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz.

"Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil".

O qeyd edib ki, nümayəndə heyəti AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək.

"Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq", Seyidov qeyd edib.

Forum

XS
SM
MD
LG