Accessibility links

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhün mümkünlüyünə inanmaqda davam edir


“ABŞ Ermənistanla Azərbaycan arasında möhkəm sülhün mümkün olacağına inanmaqda davam edir.” Bunu yanvarın 11-də ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənvi brifinqdə Turan agentliyinin sualının cavabında bildirib.

"Bu, Departamentin üzərində işləməyə davam edəcəyi şeydir. Aydındır ki, Lui Bono, dövlət katibi Blinken və digərləri bu məsələ ilə fəal məşğul olmağı davam etdirirlər," Patel qeyd edib.

Lakin o, qarşıdakı hər hansı plan və ya danışıqlar barədə məlumat verməyib.

Bundan öncə dövlət katibinin Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen də Vaşinqtonun sülh prosesini dəstəkləməyi davam etdirmək niyyətini bildirib.

"Hələ faydalı ola biləcəyimiz dərəcədə üzərində işləməli olduğumuz iş var," o deyib.

Yanvarın 11-də Dövlət Departamenti gələn həftə dövlət katibi Blinkenin Davosa səfər edəcəyini bildirib. O, transatlantik təhlükəsizlik və beynəlxalq dünya düzəni daxil olmaqla, qlobal narahatlıq doğuran məsələləri müzakirə etmək üçün liderlərlə görüşəcək.

Davosda Blinkenin Azərbaycan və Ermənistan liderlərilə görüşəcəyi istisna olunmur.

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lou Bono yanvarın 8-9-da Yerevanda səfərdə olub.

O regiona sülh və sabitliyin gətirilməsi səylərini müzakirə etmək üçün Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenci Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhə nail olmaq üçün səylərə güclü dəstək verməyə davam edəcək.

Səfirliyin nümayəndəsi xatırladıb ki, Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və ədalətli sülhə nail olmaq yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir.

“Cənab Bono müntəzəm olaraq Ermənistan və Azərbaycandakı əsas maraqlı tərəflərlə sülh prosesini dəstəkləmək üçün müzakirələr aparır. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq,” mətbuat katibi vurğulayıb.

Forum

XS
SM
MD
LG