Accessibility links

Ceyhun Bayramov: Azərbaycan ABŞ-la hər zaman etibarlı tərəfdaş olub


Ceyhun Bayramov
Ceyhun Bayramov

“ABŞ ilə ölkəmiz arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub. İndiki mərhələdə “gərgin” sözü əvəzinə daha yumşaq terminologiyadan istifadə edə bilərik. Bəli, oktyabr ayında bu, gərgin kimi xarakterizə edilə bilərdi”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin Azərbaycan-ABŞ münasibətlərinin bir sıra müşahidəçilər tərəfindən “gərgin” kimi qiymətləndirilən mövcud durumu və münasibətlərin perspektivləri ilə bağlı sualının cavabında bildirib.

O, gərginliyin səbəbinin Azərbaycan tərəfi olmadığını deyib.

“Gərginliyin yaranmasının səbəbi göz qabağındadır, bunun da təşəbbüskarı Azərbaycan olmayıb, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra olub. Orada Azərbaycana qarşı bir sıra qərəzli ifadələrdən istifadə edilib. Azərbaycan tərəfi tamamilə adekvat olaraq məsələni cavablandırıb”, nazir qeyd edib.

Bayramovun sözlərinə görə, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra münasibətlərdə bir sıra inkişaflar qeydə alınıb.

“Biz Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra bir sıra müsbət inkişafın şahidi olduq. Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü ilə Dövlət katibi ilə Azərbaycan Prezidenti arasında telefon danışığı, bundan sonra Konqresdə çıxış edən Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub”, nazir bildirib.

Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov deyib: “Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan da hər zaman etibarlı tərəfdaş olub. Biz əlaqələrin inkişafında maraqlıyıq. Ancaq bunun bir qədər gərgin vəziyyətə gəlməsinin səbəbi Amerika tərəfindən səsləndirilib. İlkin müsbət mesajlar verilib. Bizim gözləntimiz ondan ibarətdir ki, bunun davamı olaraq münasibətlərin tamamilə normal, öz axarına qayıtması üçün ilk olaraq Amerika tərəfindən addımlar gələn il də davam etdiriləcək”, nazir Amerikanın Səsinin sualının cavabında deyib.

İranla münasibətlərdən danışan xarici işlər naziri münasibətlərin inkişafında addımların İrandakı Azərbaycan səfırliyinə edilən silahl basqına hüquqi qiymət verilməsindən sonraya təsadüf edəcəyini deyib.

“Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəbləri var. Bu, səfirliyimizə olan hücumla bağlı idi. Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi. Ona görə də səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilib”.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Həmçinin İran tərəfi Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyinə tam zəmanət verməlidir.

“Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq”, o qeyd edib.

Xarici işlər naziri Ermənistanla sülh danışıqları barədə danışarkən Azərbaycanın vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara üstünlük verdiyini bildirib.

“2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”, Bayramov əlavə edib.

Nazir Azərbaycanın Qarabağ regionunda Rusiya sülhəmarmlıalrının qalması barədə 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan, Rusiya, Ermənistan üçtərəfli bəyanatına istinad edərək sülhməramlıların Azərbaycandan çıxarılmasının son tarixinin 2025-ci ilin noyabrı olacağını bildirib.

Forum

XS
SM
MD
LG