Accessibility links

Xəzəryanı ölkələr regionda əməkdaşlıq gündəliyini müzakirə edib


Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan xarici işlər nazirləri (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan xarici işlər nazirləri (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü olub.

Görüşdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hüseyn Əmir Abdullahian, Murat Nurtleu və Rəşid Meredov iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və başqa sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, nazir Ceyhun Bayramov Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd edib.

“Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yerləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, investisiyalar, alternativ enerji və başqa istiqamətlər üzrə geniş potensial mövcuddur. Bu potensialdan istifadə öz növbəsində regionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına töhfə verəcək. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verəcək”, o qeyd edib.

Nazirin fikrincə, Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan biri Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərdir.

“Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparılır”, o qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Xəzər regionunda ticarət-iqtisadi, ekoloji, elmi, humanitar, nəqliyyat və tranzit sahələrində çox böyük inkişaf potensialı var.

“Bu, Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması baxımından strateji əhəmiyyətə malikdir. Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi, daha geniş mənada - çoxqütblü dünya düzəninin formalaşması, dünya inkişafının yeni mərkəzlərinin mövqelərinin möhkəmləndirilməsi kontekstində də aktualdır. Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiya qitəsində təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə mühüm töhfə verir. Biz mədəni əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsi, yeni turizm marşrutlarının yaradılması, sahilyanı rayonlar boyunca qarşılıqlı əlaqənin genişləndirilməsi, o cümlədən infrastruktur layihələri kimi perspektivli sahələrə böyük əhəmiyyət veririk”, o qeyd edib.

Nazir Lavrov Xəzəryanı ölkələrin üzləşməli olduğu ciddi ümumi problemləri ayrıca qeyd edib.

“Bunlar ekoloji təhlükəsizlik, Xəzər dənizinin dayazlaşması, onun bioloji resurslarının qorunması problemləridir. Bu məsələlərin həlli fəaliyyətlərimizin uyğunlaşdırılmasını tələb edir. Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci il Konvernsiyasına əsasən Xəzər dənizi ilə bağlı problemlərin həllində yalnız bizim “beşlik” müstəsna səlahiyyətə malikdir. Biz bunu yaranmaqda olan Xəzər icmasının təməl daşı, regionun inkişafında iştirakın təminatı və orada gedən proseslərə görə məsuliyyət hesab edirik”, Rusiya xarici işlər naziri deyib.

Tədbirin sonunda müzakirə olunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.

Forum

XS
SM
MD
LG