Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Qazaxıstanın Azərbaycan üzərindan daha çox neft daşıması imkanları, o cümlədən Avropa ölkələrinin Azərbaycandan qaz tədarükünə maraq göstərməsinin səbəblərindən danışıb.
Amerikanın Səsi: Ukrayna və Rusiya arasında müharibə artıq Qara dəniz hövzəsində də şiddətlənir və buradakı daşımaçılığa, o cümlədən neftin nəqlinə təhdidlər yaradır. Əgər nəzərə alsaq ki, bu marşrut üzrə daşınan neftin xeyli hissəsi Qazaxıstana məxsusdur, bu ölkə üçün alternatıv yolların aranması daha da aktuallaşır. Bu səbəbdən Qazaxıstanın Azərbaycan üzərindan daha çox neft daşımasına maraq göstərməsini gözləmək olarmı?
İlham Şaban: Faktiki olaraq bəli. Əgər 2022-ci ildə müəyyən tərəddüdlərlə, baxmayaraq ki, dövlət başçısı tərəfindən qeyd edilmişdir ki, Qazaxıstanın ixrac neftini şaxələndirmək lazımdır. Deyirdilərdilər ki, bu müvəqqəti haldır. Müharibə tezliklə bitəcək. Nəticə etibarı ilə bu bizim əsas ixrac kəmərimizdir. Ondan istifadə edək. Yeni xərcələrə getməyək. Qazaxıstan o Xəzəryani ölkələrdəndir ki, yaxın 10 ildə hasilatı 90 milyondan 125 milyon tona qədər artırmağı düşünür. Bəs bu artan həcmlər necə gedəcək? Çünki Qazaxıstanın ancaq 80 faiz nefti bir boru kəməri (Tengiz-Novorossiysk kəməri-red) ilə Rusiya üzərindən daşınır. Bu baxımdan da 2023-cü ildə Azərbaycan üzərindən daşımalar təkcə Azərbaycana yox, həmçinin İran üzərindən svopa (dəyişmə) da bağlıdır. Bu məsələləri, yəni Xəzər üzərindən daşımaları artırmaq üçün Dubay şirkəti ilə bir müqavilə də artıq var. Qazaxıstan öz hesabına tankerlərin əldə edilməsi və təkcə Xəzər hövzəsində deyil, o cümlədən Xəzərdən kənarda onun daşıması üçün böyük tutumlu tankerlərin alınmasına baxır. Bütün bunlar ona dəlalət edir ki, Qazaxıstan neftinin yaxın illərdə yavaş-yavaş Azərbaycan üzərindən daşımalarını həm Bakı -Tbilisi-Ceyhan üzərindən, həm də dəmiryolu ilə Qara dəniz limanlarına çıxarılması ilə həcmləri artacaq.
Amerikanın Səsi: Azərbaycanın mövcud infrastrukturu hansı həcmlərdə Qazaxstan neftininin daşınmasına imkan verir. Müəyyən olunmuş hədəflərə çatmaq üçün tərəflər daha hansı işləri görməlidirlər?
İlham Şaban: Burada maraqlı məsələ nədir. Biz götürsək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Azərbaycanın əsas ixrac boru kəməri, onun yarısından faktiki olaraq öz imkanları hesabına istifadə edir. Ancaq bu o demək deyil ki, tutaq ki, Qazaxıstandan 30 milyon ton nefti qəbul edib, ora vura bilərik. Ancaq bundan əlavə Azərbaycanın Bakı-Supsa kəməri minimum 5 milyon ton nefti ötürə biləcək. Bundan sonra Azərbaycanın dəmir yolu vasitəsilə 10 milyon tona qədər nefti daşımaq mümkündür. Yəni bu ümumi layihə gücləridir. Ancaq Xəzər dənizinin o tayından bu tayına o nefti daşımaq lazımdır. İndiki mövcud tankerlərin sayı cəmi 12.5 milyon ton neftin daşımasına imkan verir.
Amerikanın Səsi: Son zamanlar daha çox Avropa ölkəsi Azərbaycandan qaz tədarükünə maraq göstərir? Xəzər regionunda onların maraqlarını təmin edəcək qədər qaz ehtiyatları və infrastruktur varmı? Avropa Birliyi bu işləri dəstəkləmək üçün nələr edə bilər?
İlham Şaban: Burada baxır baxış necədir. Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl, hələ 2013-cü ildə qazın alqı-satqısı ilə bağlı Azərbaycan on Qərb şirkəti ilə müqavilə imzalayıb. Artıq bəlli idi ki, Azərbaycan bir müddət sonra Avropa bazarına öz qaz həcmlərini iki dəfədən çox artıracaq. Sadəcə Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da önəmə çıxardı və daha da sürətləndirdi. Bu baxımdan 2022-ci ilin iyulunda Azərbaycanla Avropa İttifaqı enerji əməkdaşlığına dair memorandum imzaladı. Orada göstərilir ki, 2027-ci ildə artıq Azərbaycan iki dəfə həcmləri artırmağı öz öhdəliyinə götürür. Ancaq ikinci tərəfdən bu mövcud olan infrastruktur daxili imkanlar hesabına, yəni boru kəmərləri operatorlarının daxili səyləri nəticəsində təqribən 18-19 faiz artırıldı. Ancaq onun etaplı şəkildə artırılması üçün artıq böyük sərmayə, uzunmüddətli Avropadakı istehlakçıların Azərbaycandakı istehsalçılarla qaz alqı-satqısına dair müqavilələri gərəkdir. Biz görürük ki, heç də Avropa bu istəyi reallaşdırmaq üçün kreditləşmə aparmır, bu layihələri həyata keçirmək üçün hələ bir addım atmır. Hansısa banklar, maliyyə qurumları özlərinin bu layihələrin ixrac gücünün, infrastrukturun genişləndirməsində aktiv deyillər. Bu da Azərbaycan prezidentinin qeyd etdiyi kimi Avropanın yaşıl enerjiyə və ənənəvi enerji layihələrinə əvvəlki kimi yumşaldıcı tədbirlərlə dəstək göstərməməsinin nəticəsidir. Azərbaycan bunu gözəl başa düşür. Azərbaycan ona görə də ayrı-ayrı ölkələrlə özünün enerji əməkdaşlığını genişləndirmək yönündə addımlar atır. Əgər biz 2023-cü ilin əvvəlində Ruminyaya qaz verilməsi məsələsini praktiki olaraq reallaşdırdıqsa artıq iyun ayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Macarıstan qaz şirkəti arasında bu ilin dördüncü rübündə 100 milyon kub metr qazın alqı-satqısına dair artıq kommersiya müqaviləsi imzalandı. Daha sonra 2024-cü ildə Macarıstanla bir milyard kub metr qazın alqısına dair siyasi razılaşma əldə edilib. Bu o deməkdir ki, biz bir qədər sonra bunun kommersiya müqaviləsini görəcəyik. Ancaq Azərbaycanın bu həcmləri Avropadakı istehlakçılara göndərməsi üçün indiki mövcud infrastruktur imkan vermir. Çünki artıq o özünün imkanlarını limitləyib. Təbii ki, genişləndirmə başlayacaq. Bu 2024-cü ildə start götürəcək. Ancaq bunun genişləndirilməsi zamana bağlı məsələdir. Ya alternativ yollarla o bazarlara bizim mavi yanacaq çatdırılacaq. Ya da müəyyən qədər gecikmə yolu ilə. Ancaq resurs həm Avropada, həm Rusiyada, həm regionda Azərbaycan üçün heç də təşviş doğuracaq səviyyədə deyil. Azərbaycanın özünün resursları, qaz ehtiyyatları kifayət qədərdir. Bunu da Azərbaycan tərəfi rəsmən açıqlayıb, hansı etapla həyata keçirəcək. Ən qısa müddətdə, yəni yaxın iki ildə Azəri-Çıraq-Günəşlinin dərin qatlarında yerləşən qaz resursu bazara çıxarılacaq. Ondan sonra Abşeronun növbəti fazası. Çünki birinci faza üzrə çıxarılan qaz məhz Azərbaycanın daxili bazarına gəlir. Azərbaycanın daxili bazarında imkanlar artdığından, o həcmlər Şahdənizdən xarici bazara çıxarılacaq. Sonra Abşeronun növbəti fazasıdır ki, bu da ən aşağı 5 milyard kub metr qazı xarici bazara göndərməyə imkan verir.
Forum