Accessibility links

Nazir müavini: 2023-cü ilin sonunadək Azərbaycan Avropa ölkələrinə 12 milyard kubmetrdən çox qaz ixrac edəcək


6-cı Rumıniya Beynəlxalq Qaz Konfransı (Mənbə: Azərbaycan Energetika Nazirliyi)
6-cı Rumıniya Beynəlxalq Qaz Konfransı (Mənbə: Azərbaycan Energetika Nazirliyi)

“2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından tədarükün hər il 1 milyard kubmetr artırılması planlaşdırılır”.

Bu barədə Azərbaycan energetika nazirinin müavini Samir Vəliyev Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında bildirib.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, nazir müavini bildirib ki, 2028-ci ilə qədər Xəzər dənizinin Azərbaycana məxsus hissəsində işlənməkdə olan seçilmiş yataqlardan, o cümlədən Ümid, Azəri-Çıraq Günəşli Dərin Qaz layihələri, eləcə də istismar olunan Abşeron yatağından böyük həcmdə təbii qazın bazara çıxarılması gözlənilir.

“Eyni zamanda, Azərbaycanın yaşıl enerji gündəliyi və enerji səmərəliliyi tədbirləri hesabına qənaət olunacaq qaz da əlavə tədarükün mühüm mənbəyi olacaq. 2027-ci ilin sonunadək 1862 MVt gücündə külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da 1 milyard kubmetrdən çox qazın sərbəstləşməsi deməkdir”, Vəliyev qeyd edib.

Nazir müavini həmçinin deyib ki, Azərbaycan yaşıl enerji ölkəsi kimi inkişafı ilə bağlı bütün strateji məqsədlərini reallaşdırmaq, Avropanın enerji təhlükəsizliyinə və yaşıl keçidə töhfə vermək əzmindədir.

“Eyni zamanda, yaşıl enerji sahəsində ilkin mərhələdə dörd ölkəni əhatə edən beynəlxalq əməkdaşlıq platforması yaradılıb. Reallaşdırılacaq külək elektrik stansiyalarından ötürücü xətlər, o cümlədən Qara dəniz sualtı kabeli vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi üzərində işlər gedir. İlkin mərhələdə 4 QVt gücün Qaradəniz vasitəsilə Avropaya, 1 QVt həcmin isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulur”, o qeyd edib.

Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Rəsmi statistikaya görə, Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.

Forum

XS
SM
MD
LG