Accessibility links

Pərviz Şahbazov: Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 60 faiz artıb


Energetika naziri Pərviz Şahbazov "Bir Kəmər - Bir Yol" Yüksək Səviyyəli Forumda çıxış edir (Mənbə: Energetika nazirliyi)
Energetika naziri Pərviz Şahbazov "Bir Kəmər - Bir Yol" Yüksək Səviyyəli Forumda çıxış edir (Mənbə: Energetika nazirliyi)

Oktyabrın 18-də Pekində "Bir Kəmər - Bir Yol" Təşəbbüsü çərçivəsində Beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forum açılıb. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Çin lideri Si Cinpin "Bir Kəmər - Bir Yol" Təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığın əsas prinsiplərini vurğulayıb. Onun fikrincə, "Bir Kəmər - Bir Yol" əməkdaşlığı "sərt" bağlantıdan daha "yumşaq" yanaşmaya çevrilib.

"Bir Kəmər - Bir Yol”un keyfiyyətcə irəliləməsi üçün qarşılıqlı məsləhətləşmə, birgə tikinti, birgə istifadə, açıqlıq, ekoloji davamlılıq, vicdanlılıq, yüksək standartlara uyğunluq, insanların rifahı və davamlı inkişaf kimi prinsiplərin vacibliyi vurğulanıb.

Çin lideri qeyd edib ki, son on ildə "Bir Kəmər - Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq səmərəli nəticələr verən sürətli inkişafa qədər artıb.

“Bu dövr konseptual mərhələdən layihələrin diqqətlə planlaşdırılması və icrasına keçidlə əlamətdar oldu, bir çox iddialı planlar real layihələrə çevrildi”, o qeyd edib.

Avrasiyadan Afrika və Latın Amerikasına qədər uzanan "Bir Kəmər - Bir Yol" əməkdaşlığının genişlənən coğrafi əhatəsi vurğulanıb. 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilat "Bir Kəmər - Bir Yol"un birgə tikintisində əməkdaşlıq haqqında sazişlər imzalayıb.

110-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi foruma müxtəlif sessiyalar, o cümlədən açılış mərasimi və qarşılıqlı əlaqə, ekoloji inkişaf və rəqəmsal iqtisadiyyat üzrə üç yüksək səviyyəli forum daxildir.

Bundan əlavə, altı tematik forumda digər mövzularla yanaşı fasiləsiz ticarət, insanların istəklərinin uyğunlaşdırılması, düşüncə mərkəzləri arasında mübadilə kimi mövzular yer alıb.

2013-cü ildə təklif olunan "Bir Kəmər - Bir Yol" təşəbbüsü "İpək Yolunun iqtisadi kəməri" və "XXI əsrin Dəniz İpək Yolu"nu birləşdirir.

Rəsmi Çinin məlumatlarına görə, bu təşəbbüs Avrasiyanın geniş bir hissəsini əhatə edir, həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələri birləşdirir. Layihə dünya əhalisinin 63 faizinin yaşadığı zəngin resurs ehtiyatlarına malik bölgələri əhatə edir və 21 trilyon dollar dəyərində iqtisadi miqyasa malikdir. 2022-ci ildən etibarən bu iddialı təşəbbüsə 1 trilyon dollardan çox sərmayə qoyulub.

Azərbaycan energetika naziri Pərviz Şahbazov forumda “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxış edib.

O bildirib ki, Çindən Avropaya ən qısa yolu-Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu reallaşıb.

“Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir. Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturlarının, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır. Bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir. 2030-cu ilədək 7 QVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İtifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Kəmər və yol”u yaşıl bağlantılarla zənginləşdirəcəkdir”, nazir qeyd edib.

Nazir həmçinin ötən il ticarət dövriyyəsinin 21 faiz, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 faiz artması və ölkəsində 200-dən çox Çin şirkətinin fəaliyyətini qeyd edib.

Səfər zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG