Accessibility links

Gömrük Tranzit Komitəsinin Bakıda iclası keçirilib


Gömrük Tranzit Komitəsinin Bakıda iclası keçirilib (Gömrük Komitəsi)
Gömrük Tranzit Komitəsinin Bakıda iclası keçirilib (Gömrük Komitəsi)

İyulun 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 8-ci iclası keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitənin sədr müavini Cavad Qasımov, İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi regional tranzitin inkişafı, yükdaşımaların həcminin artırılmasının əhəmiyyətindən, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.

Tədbirdə vurğulanıb ki, tranzit əməliyyatları rəqəmsallaşdırılmalı, gömrük prosedurları sadələşdirilməklə gömrük nəzarəti və sərhədkeçmə proseslərinə sərf olunan vaxt minimuma endirilməlidir.

İclasda həmçinin gömrük sahəsində görülən işlər-tranzit daşımaların sürətləndirilməsi, eTİR layihəsinin tətbiqinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb. Bu dəhlizlər vasitəsi ilə yükdaşımaların həcmi sürətlə artmaqdadır.

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton, yük dövriyyəsi isə 12 milyard 648,9 milyon ton-km olub.

Komitənin məlumatında deyilir ki, 2021-ci illə müqayisədə yükdaşımalarda 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub. Yüklərin 27 milyon 966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16 milyon 841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6 milyon 612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13 milyon 634,6 min tonunu tranzit yüklər təşkil edib.

Azərbaycanın Baş naziri Əli Əsədov bu il iyunun 8-d bildirib ki, 2022-ci ilin yekunlarına görə ölkə ərazisindən keçən dəhlizlərlə yük daşımalarınin həcmində artım 75 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 faiz artıb.

XS
SM
MD
LG