Accessibility links

Azərbaycan və Avropa İttifaqı əməkdaşlığın perspektivlərini müzakirə edib


Ceyhun Bayramov və Cozef Borrel (Mənbə: Xarici Işlər Nazirliyi)
Ceyhun Bayramov və Cozef Borrel (Mənbə: Xarici Işlər Nazirliyi)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər.

"Görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilə aparılması baxımından əhəmiyyətini vurğulayıblar. Nazir iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb. Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib. Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd edib", məlumatda qeyd edilir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq" , Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra, Brüssel görüşü ərəfəsində mayın 10-dqan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyulunda Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Avropa İttifaqı proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilən iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

2022-ci il iyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

XS
SM
MD
LG