Accessibility links

"Siyasi və iqtisadi əhəmiyyətli saziş" - iqtisadçılar Avropa İttifaqı ilə enerji sazişini dəyərləndirir


İqtisadçı ekspert Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli

İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı.

Amerikanın Səsinə danışan iqtisadçılar Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen arasında imzalanan sənədin perspektivləri haqda fikirlərini paylaşıblar.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış memorandumun ölkə üçün əhəmiyyətindən, o cümlədən gələcəkdə Avropaya qaz ixracının artırılması üçün atılacaq addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanla Avropa İttifaqı arasında bu yaxınlarda enerji təhlükəsizliyi sahəsində anlaşma memorandum imzalandı. Bu sazişin Azərbaycan üçün əhəmiyyəti nədir? Sənəd tərəflər üçün hansı öhdəliklər yaradır?

Natiq Cəfərli: Əslində 2018-ci ildən bu danışıqlar başlamışdır və dörd ilə yaxın davam elədi. Əsas məsələlərdən biri uzunmüddətli müqavilənin şərtləri, qiymətin yaranma şərtləri və investisiya ilə bağlı məsələləri idi. Azərbaycan tərəfi uzunmüddətli belə danışıqlar nəticəsində qarşılıqlı güzəştlərlə müqavilənin imzalanmasına nail oldu. Azərbaycanda bu il ilk dəfə olaraq bu sazişdən də öncə, qaz gəlirləri neft gəlirlərinə bərabərləşdi. Tariximizdə ilk dəfə idi belə bir hadisə baş verirdi. Bu onu göstərir ki, qazın qiymətinin yüksək olması və Avropada tələbatın yüksəlməsi qaz bazarında yaranmış vəziyyət Azərbaycanın xeyrinədir. Yeni müqavilə Azərbaycana həm əlavə bazara çıxış imkanları yaradır, həm əlavə invistisiyaların cəlb olunmasına imkan yaradacaq. Həm də Azərbaycanın moderator olduğu TAP və TANAP layihələrinin daha da genişləndirilməsi, onun təhlükəsizliyinin təminatı və ümimiyyətlə Azərbaycanın geosiyasi yerinin möhkəmlənməsi üçün də kifayət qədər həm siyasi , həm iqtisadi əhəmiyyətlərə malik bir sazişdir. Avropa Birliyi ilə bağlanmış bu saziş Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış bu saziş digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün şərait yaradır.

Natiq Cəfərli: Enerji sazişi Azərbaycana, həm də əlavə bazara çıxış həm də əlavə investisiyaların cəlb olunmasına imkan yaradacaq
please wait

No media source currently available

0:00 0:05:08 0:00

Amerikanın Səsi: Cənub Qaz koridorunun genişləndirilməsi Transxəzər layihəsinin həyata keçirilməsinə təsir edə bilərmi?

Natiq Cəfərli: Transxəzər layihəsi 90-cı illərdən müzakirə olunan bir layihədir. Təəsssüf ki, burada bir çox problemlər var. Problemlərdən biri ondan ibarətdir ki, Xəzərin statusu ilə bağlı müqavilə bağlansa da əlavə bir ekoloji protokol da imzalanıb və bu ekoloji protokolas əsasən Azərbaycan Türkmənistanla qaz kəmərinin çəkilməsi ilə bağlı razılığa gəlsə belə bütün Xəzəryanı dövlətlər bu razılığı təsdiqləməlidir.Çünki ekoloji protokolda Xəzərin unikal ekoloji xüsusiyyətlərini saxlamaqla bağlı bənd var. Belə bir sazişin təsdiqlənməsinə ehtiyac yaranır. Bu da Rusiyanın təkidi ilə salınmış bir bənd idi. Bu onu deməyə əsas verir ki, həm Rusiya bəzi hallarda İran bu sazişin bağlanmasını bloklaya bilər, müəyyən qədər məsələni uzada bilər.Amma bir yeni fürsət də yaranıb.Bilirsiniz ki, "Dostluq yatağı" ilə bağlı Azərbaycan və Türkmənistan arasında bir müqavilə bağlandı. Bu müqavilənin şərtləri həmin yataqdan hər iki istiqamətə boru xətlərinin çəkilməsinə imkan verir. Bu boru xətlərinin çəkilməsi gələcəkdə həmin yataqdan çıxan qaz kondesatının Azərbaycana nəql olunması Azərbaycan üzərindən isə Avropaya çatdırılması mümkün edir. Bundan başqa Azərbaycan, İran və Türkəmənistanla birgə müqavilə imzaladı. Svop (Swap -mübadilə) adlanan müqavilə o deməkdir ki, Türkmənistan qazı İrana, həmin həcmdə isə İran qazı Azərbaycana nəql edəcək. Gələcəkdə bu qazın həcminin artırılması mümkün olarsa, Cənub Qaz dəhlizi layihəsi vasitəsilə Azərbaycan üzərindən əlavə qaz həcmlərinin Avropaya çatdırılması mümkün ola bilər.

Amerikanın Səsi: Avropaya qaz ixracının artırılması üçün hansı işlər görulməlidir? Bu layihələrin maliyyələşdirilməsi necə həll olunacaq?

Natiq Cəfərli: Birinci növbədə əlavə qaz kəmərlərinin çəkilməsi müşkül məsələdir. Ondan böyük vəsait lazımdır, zaman lazımdır. Avropaya isə qaz obrazlı desək bu gün lazımdır. Ona görə də, əlavə qaz kəmərlərinin çəkilməsi məncə ertələnəcək. Bunun haqqında düşünmək tezdir. Amma mövcud infrastrukturun genişləndirilməsi üçün yeni texnologiyalardan və yeni nasos stansiyalarının quraşdırılması vasitəsilə qazın sürətinin artırılması mümkündür. Məlum məsələdir ki, qazın borulardan keçid sürəti artarkən onun həcmi də artır. İndi danışıqlar gedir. Yeni bir layihə üzərində iş gedir ki, həm TANAP , həm də TAP layihəsinin buraxılış qabiliyyəti artırılsın. TANAP layihəsinin buraxılış qabiliyyəti 32 milyard kub metr illik həcmə malikdir. TAP layihəsi isə 20 milyard kub metr qaz həcminə malikdir. Əgər müasir texnologiyalardan istfadə etməklə bunu genişləndirmək mümkün olsa TANAP layihəsini 36-37 milyard kub metrə, TAP layihəsini isə 24 milyard kub metrə qədər artırmaq mümkündür ki, bu da kifayət qədər ciddi rəqəmlərdi. Ümumilikdə Azərbaycana bu layihə həm də Avropa İttifaqı ilə saziş çərçivəsində ilkin olaraq tranş ayrıldı 60 milyon avro civarında. Bu yeni qaz yataqlarının kəşfiyyatı və yeni texniki sənədlərin hazırlanması üçün istifadə olunacaq. Əgər yeni qaz yataqları kəşf olunacaqsa artıq yeni konsersomlar qurulacaq. Avropa şirkətləri Avropa bankları da bunun maliyyələşdirilməsində iştirak edə bilərlər.

Öz növbəsində Azərbaycan Milli Məclisin deputatı Vüqar Bayramov Amerikanın Səsinə bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəszilyinin son illər xüsusən 2020- ci ilin son ayından etibarən inkişaf etməsi müşahidə olunur:

"Nəzərə alsaq ki, son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kub metr mavi qaz nəql edib. Eyni zamanda bu ayın 5 ayında Azərbaycan Avropaya mavi qaz nəqli 2,5 dəfə artıb. Bütövlükdə Azərbaycan tərəfinin Avropaya 2022-ci ildə 10 milyard kub metrdən artıq mavi qazın nəql edilməsi nəzərdə tutulur. Yeni memoranduma əsasən Azərbaycan Avropa nəql etdiyi mavi qazı 2026-cı ilədək iki dəfə artırmalıdır. Yəni gözlənilir ki, Azərbaycan Avropaya 2025-ci ildə Avropaya 20 milyard kub metr mavi qaz nəql etmək imkanlarına malik olacaq. Son anlaşmanın təbii ki, Azərbaycan üçün üstünlüyü ondan ibarətdir ki, bu xüsusən də Azərbaycan üçün hasil etdiyi mavi qazın nəqli və eyni zamanda kontraktların əldə edilməsi baxımından üstünlükləri deməkdir. Nəzərə alsaq ki, Yunanıstan , Bolqarıstan daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı iyulun 1-dən etibarən Bolqarıstana nəql edilib. İl ərzində Bolqarıstana 1,5 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kub metrə qədər yüksələcək."

Vüqar Bayramov
Vüqar Bayramov

Deputat deyir ki, daha Avropanın 5 ölkəsi Azərbaycandan mavi qaz almaqda maraqlıdır. O hesab edir ki, memorandum bir tərəfdən Azərbaycan üçün Avropa İttifaqı tərəfindən bir öhdəlikdir:

please wait

No media source currently available

0:00 0:03:09 0:00

"Avropa İttifaqı Azərbaycan mavi qazını almaq öhdəliyini götürür və bu həcm növbəti dörd ildə azı iki dəfə artırılacaq. Güman olunur ki, nəzərə alsaq ki, Azərbaycan 6 yeni mavi qaz yatağından qaz hasil etmək niyyətindədir. Bu da imkan verəcək ki, Azərbaycan mavi qaz hasilatını hətta proqnozlaşdırılandan daha çox artırsın. Çünki Azərbaycanın mavi qaz ehtiyatlarının kəşf edilmiş həcmi 2,5 trilyon kub metrdir. Nəticə etibarı ilə Azərbaycan üçün Avropa bazarına çıxışını genişləndirmək baxımından yeni imkanlardır. Eyni zamanda Azərbaycanın dövlət gəlirlərinin artması baxımından vacibdir. Çünki bu ilin ilk 5 ayında ilk dəfə olaraq Azərbaycan mavi qaz satışından əldə etdiyi gəlirləri neft satışından əldə etdiyi gəlirlərinə yaxınlaşır. Bu isə o deməkdir ki, enerji daxilolmaları strukturlarında da dəyişikliklər baş verir. Bütövlükdə Cənub Qaz Dəhlizinin qiymətlərinin Azərbaycana 100 milyard dollardan artıq vəsait vəd edir. Bu da təbii ki, kifayət qədər böyük rəqəmdir. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Nəzərə alsaq ki, Mərkəzi, Şərqi Avropanın enerji təhlükəsizliyi daha çox Azərbaycanın mavi qaz hesabına gücləndirmək niyyətindədir. Belə ki, mərkəzi, şərqi Avropanı enerji təhlükəsizliyinə töhfə verə biləcək".

XS
SM
MD
LG