Accessibility links

İlqar Məmmədov: Biz Aİ ilə münasibətləri yeni səviyyəyə qaldıra bilsək, istedadlı vətəndaşlar daha repressiyadan qorxmayıb ölkəyə qayıdarlar


İlqar Məmmədov Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:11:29 0:00

İlqar Məmmədov Amerikanın Səsinə danışır

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində bağlanmış anlaşma memorandumunun ölkə üçün perspektivləri, o cümlədən bu sazişin Bakı və Brüssel arasında dialoqda demokratiya və insan haqlarına təsir imkanlarından danışıb.

Amerikanın Səsi: Son zamanlar müşahidələr göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr intensivləşib, qarşılıqlı səfərlər çoxalıb. Münasibətlərin istiləşməsi Azərbaycana hansı siyasi perspektivlər vəd edir?

İlqar Məmmədov: 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış strateji əməkdaşlıq sənədi artıq köhnəlib və uzun müddətdir ki, onun yenilənməsi məsələsi gündəmdədir. Uzun müddətdir hər iki tərəf yeni sazişin 90 faiz hazır olduğunu və cəmi 10 faiz razılaşdırılmalı məsələlərin qaldığını bəyan edir. Bu 10 faiz nəyə aiddir? Hər kəs bunu illərdir kifayət qədər aydın təsəvvür edir. Bu, neft-qaz sahəsində anlaşmadır. Azərbaycan və Avropa İttifaqı bilməlidirlər ki, enerji sahəsində necə əməkşalıq edəcəklər. Çünki insan haqları, demokratiya, iqtisadiyyatın digər sahələrindəki əməkdaşlıqla bağlı məsələlər çoxdandır həll edilib. Söhbət mətndən gedir. Əsas məsələ enerji anlaşmasıdır. Çünki Avropa İttfaqı üçün bunun çox strateji və prioritet önəmi var, Azərbaycan üçün də önəmi var. Bilirsiniz ki, enerji bazarında qiymətlər sabit deyil. Cəmi bir neçə il bundan qabaq qazın qiyməti bir cür idi. İndi dəfələrlə artıb. Bu qiymət necə tənzimlənməlidir? Gələcəkdə Azərbaycan qazı Avropaya hansı qiymətlərlə, hansı prinsiplərlə satacaq. Əvəzində nə alacaq? Bunlar hamısı tərəflər arasında razılaşdırılma prosesindədir və bu razılaşdırılma prosesində mühüm mərhələlərdən biri bu günlərdə oldu. Avropa Komissiyasının prezidenti Azərbaycana səfər etdi. Enerji sahəsində əməkdaşlığa dair memorandum imzaladı. Memorandum əlbəttə ki, hələ müqavilə deyil. Həmin sənəddə hələ niyyətlər ifadə oluur. Hələlik o memorandumun mətnini görməmişik. Amma prezident Əliyevin və Ursula Von der Leyenin mətbuat konfransı oldu. Orada bəzi məsələlərə toxundular. Biz də bir partiya olaraq Azərbaycan və Avropa İttifaqı münasibətlərinin güclənməsinə yüksək inamla yanaşırıq. İnanmaq istəyirik ki, həmin memorandumdan irəli gələcək vəzifələr və müqavilələr Azərbaycanda həm energetikanın inkişafına kömək edəcək, həm də Azərbaycanda gələcəkdə energetikanın mühəndis texniki potensialının güclənməsinə xidmət edəcək. Biz bu məsələyə xüsusi önəm veririk. Çünki belə olmasın ki, Azərbaycan, sadəcə, qazı harasa xaricə satır. Bəzən də, külək və günəş elektrik stansiyaları alır. Biz özümüz külək və günəş elektrik enerjisini istehsal etmək marağında olmalıyıq. Həm insan resursları baxmından, həm də texnologiya sahəsində. Yoxsa biz xalis mənada enerji idxalçısına çevrilə bilərik. Hər halda bu memorandumdan doğan sazişlər ortaya çıxsın, memorandumun özünü dərc eləsinlər. Ondan sonra biz yekun qiymət verəcəyik. Hər halda bu çox yaxşı müsbət bir gəlişmədir ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərdə son zamanlar irəliləyiş mümkün oldu.

Amerikanın Səsi: Avropa İttifaqı tərəfdaşlığının Azərbaycanın digər güc mərkəzləri ilə münasibətlərinə necə təsir edə bilər?

İlqar Məmmədov: Öz coğrafiyamızda görürük ki, müəyyən qısqanclıqlar olur. Digər tərəfdən Azərbaycanın yerləşdiyi coğrafiyada kimlər var? Rusiya və İran var. Bizim üçün ən böyük qonşulardır. Türkiyə Azərbaycan ittifaqı isə o qədər sıxdır ki, artıq biz vahid bir geosiyasi orqanizm kimi görürük. Amma Rusiya və İran var. İranın özünün Avropa İttifaqı ilə münasibətlərində son zamanlar ciddi irəliləyişlər var. O baxımdan bu sahədə İranda qısqanclığın yaranmasına o qədər də inanmaq olmur. Rusiyanın Avropa İttifaqı ilə Ukraynada davam edən müharibə bağlantısında çox ciddi problemləri var. Amma biz Avropa İttifaqı ilə strateji münasibətləri müəyyən edirik, təyin edirik. Nə vaxtsa Ukraynada müharibə başa çatacaq. Rusiya- Ukrayna qonşuluq münasibətlərinə keçəcəklər. O anlaşma anında da Azərbaycanın Avropa İttifaqı ilə yaxın ünsiyyəti bizim üçün üstünlük vəd edər, nəinki Rusiya ilə münasibətlərdəki zəiflik. Ona görə mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanın hansısa qonşularımızla münasibətimizdə çətinlik yaradacağını hələ ki görmürəm. Gələcəkdə də yəqin ki, olmaz.

Amerikanın Səsi: Bəzi müşahidəçilərin fikrincə, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrinin genişlənməsi Bakı və Brüssel arasında dialoqda demokratiya və insan haqlarını arxa plana keçirəcək. Siz bu barədə nə düşünürsünüz?

İlqar Məmmədov: Mən belə hesab eləmirəm. Çünki demokratiya və insan haqları ilə müddəalar gələcək, o, strateji anlaşmada artıq çoxdan yazılıb. Bakı da Brüssel ilə hər bir məsələ ilə bağlı razılığa gəlib. Bakını və Brüsseli indiyə qədər ayrı salan enerji məsələləri olub. İndi bununla bağlı anlaşdılar. Demokratiya məsələlərini arxa plana qoyacaq deyənlər bunun əksi olaraq nəyi düşünürlər? Hesab edirlərsə ki, kimsə bunların əlindən tutub Brüsseldən gətirib Azərbaycanda hakimiyyətə otuzduracaq? Bu, olduqca yanlış təsəvvürdür. Və uzun illərdir Azərbaycan müxalif cameəsində kultivasiya edilmiş bir münasibətdir ki, guya kimsə hansısa xarici babalar, nənələr hansısa gənc Azərbaycan siyasətçisinin əlindən tutub gətirib otuzduracaqlar prezident kürsüsünə və ya hansısa dövlət vəzifəsinə. Azərbaycanda hər kəs bu təsəvvürlərdən qurtulsa, məncə, bunun demokratiyaya daha böyük müsbət təsiri olar, nəinki bu cür fikirlərin. Digər tərəfdən o biri, arxa plana keçməsi təsəvvürü nədir ki, Avropa İttifaqı Azərbaycanla mütləq sanksiyalar dilində danışmalıdır. Sanksiyalar mümkündür. Amma bilirsiniz nə vaxt? Xüsusilə sərt təqiblər başlayanda. Belə bir dövr Azərbaycanda 2013-cü ildə başlamışdır. Xeyli sayda sivil toplum təmsilçiləri, siyasi partiya fəalı, siyasətçilər həbsə atılmışdı. Həmin dövrdə bəli sanksiyalar lazım idi. Təəssüf ki, Brüssel tərəfindən sanksiyalar olmadı, müəyyən siyasi söhbətlər oldu . Onların da faydası var idi. Amma sanksiyaların faydası elə dönəmdə daha çox olardı. İndiki şəraitdə isə biz siyasi məhbusların nisbətən azalmasını görürük. Görürük ki, sadə dildə desək, tuthatut deyil. İndiki dövrdə durduğu yerdə nəyə görə Avropa İttfaqını dəvət edək ki, siz Azərbaycan rəhbərliyinə qarşı sanksiya tətbiq edin. Durduğu yerdə sanksiya siyasətinin sərtləşdirilməsi və s. bunlar gediləsi yol deyil. Ona görə hesab edirəm ki, təsəvvürlər və gözləntilər də dəyişməlidir. Azərbaycanda demokratiya məsələsi ilk növbədə Azərbaycan xalqının məsələsidir, öz işidir. Sizin dediyiniz kimi, bəzi danışanlar bunu qavrasa, bəlkə onda ümumi irəliləyişlər olar. Amma indi yenə də sanksiyanı bir alət kimi istisna etmirəm ki, əgər Azərbaycanda repressiyalar bərpa olunarsa və genişlənərsə o halda bu haqda düşünmək olar.

Amerikanın Səsi: Avropa İttifaqı tərəfdaşlığının inkişafı Azərbaycan cəmiyyətinə, xüsusilə gənclərə nə fayda verə bilər?

İlqar Məmmədov: Azərbaycanın tarixən Avropa mədəniyyəti ilə əlaqələri güclüdür. Təxminən XIX-cu əsrin ikinci yarısından başlayır. Avropa İttifaqı ilə əlaqələrdə bir tarixi yol keçmişik. Biz Avropa Şurasının üzvüyük. İqtisadi əməkdaşlığın, siyasi əməkdaşlığın güclənməsi ölkədə ümumi siyasi, iqtisadi sistemin bir qədər liberallaşmasını vəd edir və belə daha sərbəstləşən bir sistemdə əlbəttə ki, insanlar öz istedadlarını da aydın büruzə verə bilərlər. Bu istedadlarına görə cəmiyyət tərəfindən mükafatlandırıla bilər. Təəssüf ki, son on ildə böyük sayda Azərbaycan gənci Azərbaycandan Avropaya köç edib. Bu heç də yaxşı hal deyil. Əgər biz bu münasibətləri Avropa İttifaqı ilə yeni səviyyəyə qaldıra bilsək, yaxşı olardı ki, o istedadlı, bacarıqlı vətəndaşlarımızın bir çoxu qayıtsınlar ölkəyə, repressiyadan qorxmasınlar, təqiblərdən qorxmasınlar, çəkinməsinlər, gəlsinlər ölkəyə və burada ölkəmizi bir yerdə yeni yüksəkliyə qaldıra bilək.

Xatırlatma

İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

İmzalanma mərasimi Avropa İttifqanın internet səhifəsində canlı yayımlanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzalayıb.

Daha sonra onlar mətbuata bəyanatla çıxış edib.

"Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı əməkdaşlıq tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən və bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib" , Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha vacibdir.

"Bu il biz Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, bərpa olunan enerji və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq" , Əliyev qeyd edib.

Daha sonra İlham Əliyev Azərbaycanda bərpa olunan enerji istehsalına toxunub.

Prezident bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.

"Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 meqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür" , dövlət başçısı deyib.

Öz növbəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğal müharibəsindən əvvəl belə Rusiya etibarlı enerji tərəfdaşı deyildi.

"Buna görə də Aİ Rusiyadan əlavə enerji mənbələrinin diversifikasiyasına yönəldi, daha etibarlı və güvənili tərəfdaşlarla işləməyə başladı. Azərbaycanın bizim güvəndiyimiz tərəfdaşlar arasında olmasına şadam. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz", kommisar qeyd edib.

Onun sözlərinə görə, bu memarandum Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Ursula Fon der Leyen ilkin olaraq memorandumun 3 əsas bəndini qeyd edib.

"Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq. Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək".

Komissar Anlaşma Memorandumunda ikinci əsas məqamın, bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayıb.

Ursula von der Leyen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük. Mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun” Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O daha sonra humanitar əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsində iştirakının zəruriliyini qeyd edib.

"Biz bu məqsədlər üçün 2,5 milyon avro ayırmışıq," o, qeyd edib.

XS
SM
MD
LG