Accessibility links

Azərbaycan rəhbərliyi Sofiyada qaz sahəsində əməkdaşlıq barədə memorandum imzalayıb


Prezident İlham Əliyev Bolqarıstanda qaz sahəsində əməkdaşlığın təşviqi barədə memorandumun imzalanma mərasimində (Rəsmi foto)
Prezident İlham Əliyev Bolqarıstanda qaz sahəsində əməkdaşlığın təşviqi barədə memorandumun imzalanma mərasimində (Rəsmi foto)

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

İmzalanma mərasimində Bolqarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak edib.

Memorandumu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıb.

Boqarıstan prezidentinin rəsmi internet saytının məlumatına görə anlaşma memorandumu Bolqarıstanın (Bulqartransqaz), Rumıniyanın (Transqaz), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream), eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

“Sənəd Avropa İttifaqı, Mərkəzi və Cənub-Şərqi Avropa regionu üçün təbii qaz təchizatının təhlükəsizliyini artırmaq məqsədi ilə Bolqarıstan tərəfindən təklif edilən və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik Dairəsi” (STRING) birgə təşəbbüsü haqqındadır”, məlumatda qeyd edilir.

İlham Əliyev və Rumen Radev Sofiyada SOCAR-ın ofisini açır (Rəsmi foto)
İlham Əliyev və Rumen Radev Sofiyada SOCAR-ın ofisini açır (Rəsmi foto)

Aprelin 25-də prezidentlər Rumen Radev və İlham Əliyev həmçinin Sofiyada SOCAR-ın ofisinin rəsmi açılışında iştirak edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, anlaşma memorandumu Azərbaycan və daha 5 ölkə arasında Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə İnfrastrukturun genişləndirlməsini nəzərdə tutur.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Ekspert bildirib ki, ötən il imzalanmış memoranduma uyğun olaraq qaz ixraçı 10 milyard kubmetr artırılaraq ildə 20 milyard kubmetrədək çatdırılacaq.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Twitter səhifəsində yazıb ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qaz ixracı 11,2 faiz artıb. Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu qaz boru kəməri (TANAP) Türkiyəni 1,4 mlrd. kubmetr qazla təchiz edib.

SOCAR-ın məlumatına görə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqli başlayıb.

2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanan zaman Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib ki, Azərbaycandan qaz ixracı iki dəfə artırılacaq.

"Hər il ərzində 8 milyard kubmetr qazı Avropaya ötürürük, yaxın illərdə onun həcmini 20 milyard kubmetrə çatdıracağıq. Gələn il (2023-cü il) həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək", o qeyd edib.

Prezident İlham Əliyev 2022-ci il sentyabrın 2-də İtaliyanın Cernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır.

"Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Azərbaycan on ildən artıqdır ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısıdır", o qeyd edib.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir. Bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

XS
SM
MD
LG