Accessibility links

Pərviz Şahbazov: Azərbaycan Avropaya 1.9 milyard kubmetr qaz ixrac edib


Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

Nazir bildirib ki, bu müddət ərzində Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib. Daha sonra Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana 0,7 milyard kubmetr qaz ixrac olunub.

Nazir qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.

Azərbaycan energetika naziri ilin əvvəlində olan neft göstəricilərinə də toxunub .

O, operativ məlumatlara əsasən qeyd edib ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda hasil edilmiş 5,1 milyon ton neftin 4,1 milyon tonu ixraca nəql edilib.

Nazir bildirib ki, bu dövrdə 4 % artımla hasil edilmiş 8 milyard kubmetr qazın 4,3 milyard kubmetri ixrac olunub.

Xatırlatma

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir. Bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

XS
SM
MD
LG