Accessibility links

Azərbaycan və Almaniya iqtisadi əlaqələri və sülh məsələlərini müzakirə edib


İlham Əliyev və Olaf Şolts (Rəsmi foto)
İlham Əliyev və Olaf Şolts (Rəsmi foto)

Azərbaycan Almaniyanın və rolu artmaqda olan Avropa İttifaqının tərəfdaşıdır. Almaniya Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdır və son vaxtlar gərginliyin artmasından narahatdır.

Bu barədə martın 14-də Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə birgə Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Sülh Azərbaycan və Ermənistanın ərazi bütövlüyü nəzərə alınmaqla qurulmalı, həmçinin hər iki ölkənin vətəndaşlarının hüquqları təmin edilməlidir", o qeyd edib.

Olaf Şolts eyni zamanda vurğulayıb ki, Almaniya Qarabağı respublika kimi tanımayıb və tanımır.

Öz növbəsində İlham Əliyev deyib ki, Avropa İttifaqı və Azərbaycan arasında, əsasən enerji sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

"Azərbaycan Avropa ölkələrinə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır. Yaxın illərdə Azərbaycan Albaniya, Monteneqro, Çexiya və Macarıstana qaz nəql edəcək," o deyib.

Prezident Əliyev Almaniyanın 30 iri şirkətilə görüşdə yaşıl energetika sahəsində əməkdaşlığın inkişafın nəzərdən keçirildiyini bildirib.

"Əsasən yaşıl enerjinin istehsalı və Avropaya ixracı ilə bağlı razılaşma var," İlham Əliyev qeyd edib.

O, Ermənistanla münaqişəyə toxunaraq Azərbaycan ərazisinin 30 il erməni işğalı altında olduğunu, torpaqların İkinci Qarabağ Müharibəsi nəticəsində azad edildiyini xatırladıb. Azərbaycan Prezidenti iki ölkə arasında sülh prosesinə toxunub.

"Biz erməni tərəfinin qəbul etdiyi beş prinsip əsasında sülh bağlamağı təklif etdik. Ümid edirəm ki, Ermənistan bu imkandan istifadə edəcək", o deyib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-14-də Almaniyada işgüzar səfərdə olub. O, səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Almaniya Kansleri Olaf Şolts və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

XS
SM
MD
LG