Təbrizin Mənzərə məhəlləsində martın 12-də səhər baş verən güclü partlayış üç yaşayış binasının tamamilə dağılmasına və yaxınlıqdakı 100-dən çox evə ziyan vurmasına səbəb olub.
Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə Mərkəzinin müdiri Məhəmməd Bağır Hünərbər martın 13-də İRNA dövlət xəbər agentliyi ilə söhbətində partlayışın səbəbinin "yüksək riskli alışan materialların" partlaması olduğunu bildirib.
İran mediasında dərc olunan xəbərlərdə partlayışın necə baş verdiyi barədə əlavə məlumat verilməyib. Hünərbər bu hadisə ilə bağlı əlavə araşdırmaların hələ də davam etdiyini bildirib.
Vilayətin Böhran İdarəetmə qurumunun müdiri martın 12-də rəsmi İRİB (İran Radio Televiziya Qurumu) xəbər agentliyinə verdiyi müsahibədə yanğınsödürmə komandasının ilkin qiymətləndirməsinə görə partlayışın təbii qaz sızması səbəbindən baş verdiyini açıqlamışdı.
Hadisədə həyatını itirən dördü qadın olmaqla 7 nəfərin şəxsiyyətləri məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən edilib.