Accessibility links

Azərbaycan yanvar ayında xarici ölkələrə 2,2 milyard kubmetr qaz satıb


Bu ilin yanvarında Azərbaycanın xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.

Nazirlik bildirir ki, 2023-cü ilin yanvarında Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib.

"Qazın 1,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 2,3 milyard kubmetri "Şahdəniz"dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib".

Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

"Yanvarda 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür".

2023-cü ilin yanvar ayında ölkədə neftin emalı 559 milyon ton təşkil edib.

Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqı ölkələrinin enerji təchizatında ciddi çətinliklər yaradıb. Bu səbəbdən hazırda Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin enerji mənbələrinin işlənməsini və ixracını reallaşdırmaq üçün işlər aparır.

Bu baxımdan 2022-ci il 18 iyulda Bakı şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Prezident İlham Əliyev bu il fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasında deyib ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin, xüsusən TANAP qaz kəmərinin (16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər) və TAP qaz kəmərinin (10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər) gücünün artırılması imkanları nəzərdən keçirilir.

Onun sözlərinə görə, Azərbaycan qaz ixracını ildən-ilə artırır.

"2021-ci ildə ixracatımız 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təşkil edib, 2023-cü ildə 24,5 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır", o qeyd edib.

XS
SM
MD
LG