"Prezident Əliyev ilə görüşdə Dövlət katibinin köməkçisinin müavini Laura Lokman Azərbaycan və ABŞ arasında davamlı iqtisadi tərəfdaşlığı müzakirə edib".
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Məlumatda deyilir ki, Laura Lokman ABŞ-ın Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi dəstəyini vurğulayaraq, regional əlaqələrinə dair şərait yaratmaq üçün ikitərəfli ticarəti və sərmayənin təşviq edilməsinə çağırıb.
Azərbaycan prezidentinin rəsmi internet saytıının məlumatında isə deyilir ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin qoyduğu bünövrənin bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.
"Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş"in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev hər iki tədbirin bir-birini tamamladığını dedi", rəsmi məlumatda qeyd edilib.
Öz növbəsində xanım Laura Lokman Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətini vurğulayıb və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verdiyini qeyd edib.
Məlumata görə, Dövlət katibinin köməkçisinin müavini Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpaolunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərinin meydana çıxdığını qeyd edib və bu layihələrin həyata keçirilməsində ölkənin vacib rol oynadığını bildirib.
O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb.
Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Söhbət zamanı nümayəndə heyəti Azərbaycann Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.
ABŞ Dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Laura Lokmanın səfəri fevralın 4-dək davam edəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Laura Lokman hökumət rəsmiləri il görüşlər keçirəcək və 9-cu Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək.