Accessibility links

Energetika Nazirliyi və ACWA Power şirkəti külək enerjisi və enerji saxlanc sistemləri üzrə əməkdaşlıq sənədləri imzalayıb


Energetika Nazirliyi və ACWA Power şirkəti külək enerjisi və enerji saxlanc sistemləri üzrə əməkdaşlıq sənədləri imzalayıb (Rəsmi foto)
Energetika Nazirliyi və ACWA Power şirkəti külək enerjisi və enerji saxlanc sistemləri üzrə əməkdaşlıq sənədləri imzalayıb (Rəsmi foto)

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycanda enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, “ACWA Power” şirkəti ilə tərəfdaşlıq ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkədə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir.

“Bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. “ACWA Power” ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir”, nazir qeyd edib.

"ACWA Power" şirkətinin sədri Mohammad Abunayyan bildirib ki, yeni sazişlərin imzalanması ilə ölkənin enerji transformasiyasının sürətləndirilməsində "ACWA Power"in rolu genişlənməkdədir.

Hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir.

Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqı ölkələrinin enerji təchizatında ciddi çətinliklər yaradıb. Bu səbəbdən hazırda Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin enerji mənbələrinin işlənməsini və ixracını reallaşdırmaq üçün işlər aparır.

Bu baxımdan 2022-ci il 18 iyulda Bakı şəhərində “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Ötən ilin dekabrın 17-də isə Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində deyib ki, Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirir.

“Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir. Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.

Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə iş planımızı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır”.

Prezidentin dediyinə görə, Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir.

“Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir”, o qeyd edib.

XS
SM
MD
LG