Accessibility links

ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərini müzakirə edib


Pərviz Şahbazov və Laura Lokman (Rəsmi foto)
Pərviz Şahbazov və Laura Lokman (Rəsmi foto)

Fevralın 2-də energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, xanım Lokman nazir Şahbazovla görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolunu qeyd edib.

Xanım Lokman, həmçinin dəyişən iqlimin problemlərinin həllində təmiz enerji mənbələrinin vacib rolunu müzakirə edib.

Energetika Nazirliynin məlumatında isə deyilir ki, nazir Şahbazov Məşvərət Şurasının Cənub Qaz Dəhlizi üzrə uğurlu təcrübəsinin bu ildən yaşıl enerji sahəsində tətbiqindən bəhs edib.

Energetika naziri hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatından danışıb.

"Dəhlizin 2027-ci ilə qədər genişləndirilməsi üçün zəruri proseslərin sürətləndirilməsinin və birgə əməkdaşlığın vacibliyi qeyd olunub. Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq edildiyi, Xəzərin bərpa olunan enerji resurslarının elektrik enerjisi və yaşıl hidrogen şəklində Avropaya nəqlinin nəzərdən keçirildiyi bildirilib", məlumatda qeyd edilir.

Xanım Laura Lokman Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG