Accessibility links

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri artıb


2023-cü ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 9 faiz artaraq bu il aprelin 1-nə 53 milyard 437,6 milyon ABŞ dolları təşkil edib.

Neft Fondunun məlumatına görə, yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 7 milyard 643,3 milyon manat, büdcə xərcləri isə 1 milyard 584,3 milyon manat təşkil edib.

“Rüb ərzində fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 5 milyard 596 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 milyard 829,9 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən isə 0,8 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 2 047,3 milyon manat olub”.

Sənəddə deyilir ki, hesabat dövründə ARDNF 2023-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 1 milyard 576 milyon manat vəsait transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 2 milyon manat yönəldib, idarəetməyə isə 5,1 milyon manat xərcləyib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 1 milyard 427,6 milyon manat təşkil edib.

"2022-ci ildə beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da ARDNF-nin investisiya portfelində müəyyən qədər müşahidə olunsa da, iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də, faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-in həm istiqraz, həm də səhm aktivlərinə müsbət töhfəsini verib. Eyni zamanda maliyyə sektorunda, xüsusilə ABŞ və İsveçrənin bank sektorlarında yaşanan böhranlar fonunda ARDNF-in istiqraz alt portfelinin keyfiyyətinin artırılması mümkün mənfi təsirlərdən yayınmağa imkan verməklə, diversifikasiya effekti hesabına mart ayında investisiya portfelinin gəlirliliyin artmasına təkan verib. Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir. İnvestisiya və büdcədənkənar gəlirlərin, həmçinin neft və qaz satışından əldə olunan daxilolmaların 3 ayın nəticələri üzrə proqnozları üstələməsi ARDNF-nin aktivlərinin həcminin artmasında öz əksini tapıb", sənəddə qeyd edilir.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, ARDNF-nin nizamnaməsində yazıldığı kimi fond daha çox riski minimum olan yatırımlara yönəldilməlidir.

“Həmçinin fondun vəsaitləri yüksək dərəcəli reytinqi olan qiymətli kağızlara və əməliyyatlara yönəldilməlidir. Bu, fondun əsasnaməsində əkisni tapıb. Yəni həddən artıq dayanıqlığı yüksək olan, likvidikliyi olan, riskləri az olan qiymətli kağızların isə gəlirləri, gəlir faizləri çox aşağıdır. Bu nöqteyi nəzərdən həmin aktivlərə yönələn neft fondunun vəsaiti çox aşağı gəlir gətirir.”

Natiq Cəfərli: ARDNF-nin aktivlərinə risklər az olduğundan gəlir faizlər də azdır
please wait

No media source currently available

0:00 0:04:06 0:00

Ekspert hesab edir ki, neft fondu bəzən valyuta məzənnələrinin dəyişməsindən də ciddi itkilərlə qarşılaşır.

“Amma, bu Neft Fondundan daha çox Azərbaycanda valyuta məzənnəsi siyasətindən qaynaqlanır. Yəni dolları manat ekvivalentinə çevirəndə, bizdə manat uzun müddətdir sabitdir, inzibati qaydada tənzimlənir. Dolların digər valyutalara olan məzənnəsi isə manat ifadəsində tez-tez dəyişir. Məsələn, rubla, avroya, yuana, Türk lirəsinə ifadəsində məzənnə tez-tez dəyişir. Bütün bu məsələləri nəzərə alsaq digər valyutalarda olan aktivlər müəyyən itkilərlə qarşılaşır. Daşınmaz əmlak portfelində olan aktivlər də zaman-zaman dünyada qiymət dəyişməsindən asılı olaraq müəyyən itkilərə məruz qalır”, Cəfərli qeyd edib.

O hesab edir ki, Neft Fondunun gəlirlərinin artması ölkədə sosial-iqtisadi inkişafa təsir edən əsas amillərdəndir.

“Neft Fondu Azərbaycanın dövlət büdcəsinin əsas donorudur. Uzun illərdir büdcə təminatının təxminən 50 faizi Neft Fondunun köçürmələri əsasında həyata keçirilir. Bircə ötən il 50 fazidən aşağı düşdü. Bu il də proqnoza görə 40-42 faiz civarında olacaq. Bu baxımdan Neft Fondunun gəlirlərinin artması büdcə xərcləmələrinə təsir edir. Bu isə öz növbəsində 1,7 milyon işçi əhalinin, o cümlədən dövlət sektorunda işləyən 910 mindən çox insanın əmək haqqının, həmçinin sosial öhdəliklərin yerinə yetirilməsini təmin edir”.

Ekspert təəssüflə qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dövlət iqtisadi modeli üzərində qurulub.

“Yəni iqtisadiyyat dövlət investisiya modeli üzərində qurulub. Dövlət büdcəsindən milyardlarla manat investisiyalar qoyulur və bu da yeni iş yerlərinin yaranması deməkdir”, o qeyd edib.

XS
SM
MD
LG