Accessibility links

Azərbaycan qaz ixracını 11,2 faiz artırıb


2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qaz ixracı 11,2 faiz artıb. Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu qaz boru kəməri (TANAP ) Türkiyəni 1,4 mlrd. kubmetr qazla təchiz edib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Twitter səhifəsində yazıb.

Onun yazdığına görə, bu ilin birinci rübündə Azərbaycanda neft-kondensat hasilatı 7,7 milyon ton, ixracı isə 6,4 milyon ton olub.

“Yanvar-mart aylarında 3 faiz artımla hasil edilmiş 12,2 mlrd. kubmetr qazın 6.5 mlrd. kubmetri ixrac olunub. Birinci rübdə operativ məlumatlara əsasən neft-kondensat hasilatı 7,7 milyon ton, ixracı isə 6,4 milyon ton olub. Bu dövrdə 3 faiz artımla hasil edilmiş 12.2 milyard kubmetr qazın 6.5 milyard kubmetr ixrac olunub”, nazir qeyd edib.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir. Bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

XS
SM
MD
LG