Azərbaycan sentyabrın 8-də beş erməni hərbçisini Ermənistan tərəfinə təhvil verib.
Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
“Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib,” dövlət komissiyasının məlumatında qeyd edilir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan tərəfindən beş erməni hərbçinin geri qaytarıldığını təsdiq edib.
Bunlar Martin Aqramanyan (1996, Gümrü), Aşot Gevorkyan (1998, Gümrü), Feliks Qriqoryan (1996, Gümrü), Varazdat Manukyan (1990, Gümrü) və Edik Hovsepyandır (1999, Vanadzor).
Onlar 2020-ci ilin dekabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Qarabağda əsir götürülüb və Azərbaycan məhkəməsi tərəfindən terrorizm ittihamı ilə məhkum ediliblər.
“Biz bu hərəkəti münasibətlərin normallaşması istiqamətində bir addım kimi alqışlayırıq,” Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.