Accessibility links

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı: Biz Azərbaycanla daha çox əməkdaşlığa hazırıq


Belgium Europe Brexit
Belgium Europe Brexit

"Biz Azərbaycanla daha çox əməkdaşlığa hazırıq". Bunu Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi X platforması (keçmiş Twitter) hesabında yazıb.

"Strateji nəqliyyat və enerji layihələrimizi müzakirə etmək üçün Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayarmovla görüşmək xoş oldu. Biz daha çox əməkdaşlığa hazırıq", o bildirib.

Öz növbəsində Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, Sentyabrın 5-də A xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Nazir Ceyhun Bayramov, Azərbaycan Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.

Məlumatda deyilir ki, özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

"Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib", rəsmi məlumatda deyilir.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Rəsmi statistikaya görə Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.

Forum

XS
SM
MD
LG