Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.
Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir ki, Şarl Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib.
“Xüsusi Nümayəndə Klaar və Prezident Mişelin komandası girişin açılması istiqamətində həll yolu hazırlamaq üçün Bakı, Yerevan və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır,” bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib.
“Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib.
Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər,” bəyanatda bildirilir.
Aİ tərəfi, həmçinin, Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.
“Paralel olaraq, müzakirələr, həmçinin, Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib. Fövqəladə vəziyyətdən əlavə, Aİ tərəfi uzunmüddətli dayanıqlı həllə nail olmağı asanlaşdırmaq üçün münaqişənin keçmişinə baxmağın vacibliyini vurğulayıb. Bu baxımdan Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret üsullarla bağlı müzakirələr mümkün qədər tez başlamalıdır. Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyac var.”
Bəyanatda o da vurğulanıb ki, Avropa İttifaqı bu prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib.
“Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə Yerevan arasında münasibətlərin yerdəki bütün əhalinin rifahı naminə birdəfəlik normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda indi cəsarətli kompromis həllərin vaxtıdır,” bəyanatda qeyd olunur.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı bəyanatına dair şərhində deyilir ki, Avropa İttifaqı tərəfindən bildirildiyi kimi, 15 iyul 2023-cü ildə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparılmış danışıqlardan sonra, Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılmışdı.
“Təəssüflər olsun ki, 15 iyul tarixindən bugünədək Ermənistan və onun qondarma rejimi, sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir. Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır. Azərbaycan, bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir. .
Xatırlatma
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.
BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.
Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliynin "siyasi manipulyasiyalarını" göstərib.
Digər tərəfdən Azərbaycan avqustun 30-u Paris şəhərinin merinin başçılıq etdiyi humanitar yardım konvoyunu Laçın sərhəd məntəqəsindən buraxmayıb.
Ermənistan baş naziri Nikol Paşinyan Fransadan humanitar konvoyun buraxılmaması ilə bağlı şərhində qeyd edib ki, “yüklərin daşınmasının qarşısının alınması Azərbaycanın Qarabağda humanitar böhranı bir daha dərinləşdirməyə yönəlmiş siyasətinə dəlalət edir”.
Rəsmi Bakı isə məsələ ilə bağlı Fransaya etiraz notası təqdim edərək bu addımın "Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğunu" vurğulayıb.