Accessibility links

Mariya Zaxarova: Laçın yolundakı mövcud vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Laçın yolundakı mövcud vəziyyətin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsi olduğunu bildirib.

Zaxarova bunu çərşənbə günü keçirdiyi həftəlik brifinqdə üç erməni futbolçunun 28 avqust tarixində Laçın sərhəd buraxılış məntəqəsində saxlanılarkən Rusiya sülhməramlılarının niyə müdaxilə etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Laçın dəhlizində mövcud vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımasının nəticəsidir. Bu, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında iki ölkə liderlərinin iştirakı ilə keçirilən sammitlərdə razılaşdırılıb. Bu, Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair iyulun 15-də verdiyi bəyanatda açıq şəkildə qeyd olunub”, sözçü qeyd edib.

Bu kontekstdə məsuliyyətin Rusiya sülhməramlılarının üzərinə qoyulmasının yanlış və əssasız olduğunu deyən Zaxarova sülhməramlı kontingentin yeni şərtlər altında fəaliyyətə davam etdiyini bildirib.

"Ermənistan hökumətinin Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu tanımasından sonra yaranan yeni şərtlər çərçivəsində biz sülhməramlıların missiyasını Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini, o cümlədən Bakı və Xankəndi arasında birbaşa dialoqu təmin etməkdə görürük”, Zaxarova əlavə edib.

Rusiyalı diplomat, həmçinin Bakı ilə Qarabağ erməniləri arasında birbaşa danışıqların baş tutması, habelə Azərbaycan-Ermənistan sülh müqaviləsi danışıqlarının irəliləməsi üçün əvvəlki razılaşmaların yerinə yetirilməli olduğunu bildirib.

Avqustun 28-i Laçın sərhəd-keçid məntəqəsində saxlanılan, Azərbaycanın dövlət bayrağını təhqir etməkdə ittiham edilən üç Ermənistan vətəndaşı 10 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, saxlanılan şəxslərin yaşı və əməllərinə peşman olmaları nəzərə alınaraq irəli sürülən cinayət ittihamlarına xitam verilib və onlar inzibati həbsi başa vurduqdan sonra Ermənistana təslim ediləcək.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq "Dağlıq Qarabağ sakinləri Alen Sarqisyan, Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Laçın dəhlizindəki qanunsuz keçid məntəqəsində oğurlandığını" deyib.

Azərbaycan bu ilin aprel ayında Ermənistanla sərhəddə "Laçın" sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı bu addımın Ermənistanın Laçın yolundan hərbi məqsədlərlə istifadə etməsinin qarşısını almaq üçün atıldığını, Qarabağın erməni sakinlərinin və yüklərin keçid məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradıldığını qeyd edib.

Ermənistan isə bunun 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib.

İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.

BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliynin "siyasi manipulyasiyalarını" göstərib.


Digər tərəfdən Azərbaycan avqustun 30-u Paris şəhərinin merinin başçılıq etdiyi humanitar yardım konvoyunu Laçın sərhəd məntəqəsindən buraxmayıb. Rəsmi Bakı Fransaya etiraz notası təqdim edərək bu addımın "Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğunu" vurğulayıb.

Ermənistan baş naziri Nikol Paşinyan avqustun 31-i hökumətin iclasında Fransadan göndərilən humanitar yardımın qəbul edilməməsinə toxunaraq, Azərbaycanı “soyqırım siyasəti” aparmaqda ittiham edib.

"Azərbaycan Rusiya Federasiyasının sülhməramlı qoşunlarının iştirakı ilə Dağlıq Qarabağ ermənilərini aclıq yolu ilə soyqırıma məruz qoymaq siyasətini davam etdirir. Həmin siyasətin əsas məqsədi Dağlıq Qarabağ ərazisini ermənilərdən təmizləməkdir", Paşinyan vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın "soyqırım" ittihamına cavab olaraq deyib ki, “Ermənistanın baş naziri Nikol Paşiyanın bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür”.

"Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin", Azərbaycan XİN-in məlumatında qeyd edilib.

Forum

XS
SM
MD
LG