Accessibility links

Makron "Le Point" jurnalına müsahibədə Qarabağdakı durumu şərh edib


Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin zəruri olduğunu deyib.

Makron “Le Point” jurnalında avqustun 24-ü yayımlanan müsahibəsində Qarabağda yaranmış vəziyyəti şərh edərkən məsələnin mürəkkəb olduğunu və sərt xətt tərəfdarlarının fikirləri ilə razılaşmadığını qeyd edib.

“Biz həmişə xalqların suverenliyinin tərəfdarı olmuşuq. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir, o cümlədən xalqların suverenliyi. Sərt xətt tərəfdarlarının bu barədə dedikləri ilə razılaşa bilmərəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pislədi və bir sıra humanitar əməliyyatlar təşkil etdi. Bu gün biz Ermənistan və Azərbaycan arasında davamlı sülh gətirən, xalqları və mədəniyyətləri qoruyan razılaşma əldə etmək üçün əlimizdən gələni edirik. Belə bir sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquq normalarına uyğun olmalıdır”, Fransa prezidenti vurğulayıb.

Müsahibənin davamında jurnalist hazırda Qarabağda “beynəlxalq ekspertlər tərəfindən qeydə alınan soyqırım prosesi” getdiyini deyib. Makron isə bu termindən istifadəni məqbul görməyib.

“Mən bu termindən belə tələsik istifadə etməzdim. Laçın dəhlizinin bağlanması ilə əlaqədar qeyri-məqbul humanitar situasiya mövcuddur. Fransanın rolu humanitar yardımların çatdırılması ilə bağlı təzyiqi qorumaqdaır və biz buna nail olmaq üçün bütün səylərimizi davam etdiririk. Xüsusilə, ərzaq və dərmanların çatdırılması, Dağlıq Qarabağa sərbəst girişin təmin edilməsi üçün bütün zəruri təşəbbüsləri davam etdirik”, Makron qeyd edib.

Azərbaycan tərəfi Makronun səsləndirdiyi fikirlərə münasibət bildirməyib. Rəsmi Bakı Qarabağın blokadada olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir.

Azərbaycanın Ermənistanla sərhəddə bu ilin aprelində “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Yerli erməni əhalinin və yüklərin BQXK və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradılıb. İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyul ayının 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Avqustun 16-sı BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı humanitar vəziyyət müzakirə edilsə də, yekun olaraq heç bir sənəd qəbul edilməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG