Accessibility links

BQXK dekabr-avqust ayları ərzində Qarabağdakı erməni əhaliyə edilən yardımlar barədə məlumat paylaşıb


Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Bölgədə artan humanitar ehtiyaclara cavab vermək üçün Laçın dəhlizi boyunca fəaliyyət göstərən yeganə humanitar təşkilat olduğunu qeyd edən BQXK, ötən ilin dekabrından bu ilin avqust ayınadək keçən müddətdə Qarabağdakı erməni icmasına göstərdiyi yardımlarla bağlı məlumat paylaşıb:

  • Tibbi yardıma ehtiyacı olan 700-dən çox insanın, o cümlədən avqust ayının əvvəlindən bəri 41 nəfərin Laçın dəhlizi boyunca təxliyəsi həyata keçirilib.
  • Ayrılmış ailələri birləşdirmək üçün 600 nəfərin, o cümlədən 230 azyaşlının Laçın dəhlizi ilə təhlükəsiz keçidi təşkil edilib.
  • Səhiyyə müəssisələri üçün 900 ton tibbi ləvazimatı da daxil olmaqla 77 yük maşınından ibarət yardım tədarük edilib.
  • Ehtiyacı olan şəxslərə, hamilə qadınlara, o cümlədən sosial müdafiə mərkəzləri və səhiyyə ocaqlarına təxminən 10 min ərzaq və gigiyena paketi çatdırılıb.
  • Təcili yardım xidmətlərinə dəstək olaraq 3000 litrdən çox dizel yanacağı çatdırılıb.
  • 1500 tondan çox buğda unu, 20 ton günəbaxan yağı və 40 tondan çox şəkər və qarabaşaq yarmasının çatdırılması həyata keçirilib.
  • Yerli kənd təssərrüfatına dəstək olaraq 154 ton kartof toxumu və 21 ton qarğıdalı və soğan toxumu tədarük edilib.
  • İçməli suyun təhlükəsiz paylanması üçün su idarəsinə 2 ədəd su nasosu və təmizləyici kimyəvi vasitələr, habelə içməli suyun analizi üçün laboratoriya avadanlıqları bağışlanıb.

Azərbaycanın Ermənistanla sərhəddə bu ilin aprelində “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Yerli erməni əhalinin və yüklərin BQXK və ya rus sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradılıb. İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyul ayının 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Avqustun 16-sı BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı humanitar vəziyyət müzakirə edilib. Brifinqə qatılan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan hökumətini Qarabağ ermənilərinin Ermənistana və dünyaya "həyat yolunu" kəsməkdə və bununla sülh perspektivlərini təhlükə altına almaqda ittiham edib.

Azərbaycanın BMT-dəki daimi elçisi Yaşar Əliyev Ermənistanın ittihamlarını rədd edərək blokada ilə bağlı deyilənləri "əsassız" adlandırıb. Yaşar Əliyev öz hökumətinin Qarabağa humanitar yardım çatıdırlması üçün Ağdam-Xankəndi yolundan istifadəni təklif etdiyini diqqətə çatıdararaq, ermənilərin bu marşrutdan istifadədən imtina etdiklərini bildirib. Onun sözlərinə görə, Ermənistan problemin həllində yox, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının qarşısını almaqda maraqlıdır.

Çıxış edən digər təmsilçilər böhranın tezliklə aradan qaldırılmasına və buna nail olmaq üçün tərəflər arasında dialoqa çağırıblar.

Forum

XS
SM
MD
LG