Accessibility links

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan xarici işlər naziri ilə görüşüb


Ceyhun Bayramov və Toyvo Klaar
Ceyhun Bayramov və Toyvo Klaar

Avqustun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, beynəlxalq tərəfdaşların, o cümlədən Avropa İttifaqının vasitəçiliyilə danışıqlar, habelə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Bayramov qeyd edib ki, Ermənistanın regionda hərbi-siyasi təxribatları, "blokada" və "gərgin humanitar vəziyyət" barədə yalan və əsassız bəyanatları sülhə və sabitliyə xidmət etmir.

"Ermənistan Ağdam-Xankəndi yolundan istifadə və Laçın yolu ilə hərəkətin intensivləşdirilməsi, habelə erməni əhalinin reinteqrasiyası üçün onların nümayəndələrilə dialoq üzrə Avropa İttifaqının dəstəklədiyi razılaşmaları pozur.

Bütün bunlar göstərir ki, Ermənistan normallaşma prosesində maraqlı deyil", Bayramov qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın regiona səfəri Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında Qarabağdakı humanitar durumun müzakirəsi zamanına təsadüf edir.

Xatırladaq ki, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir neçə dəfə sülh prosesini müzakirə edib.

Bundan başqa ABŞ Dövlət katibi Antoni Blinken bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono Cənubi Qafqaza səfəri əsnasında avqustun 2-3-də Azərbaycan və Ermənistan diplomatik rəhbərlikləri ilə görüşlər keçirib.

Avqustun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün tərəflərlə işləməyə davam edəcək.

Forum

XS
SM
MD
LG