Accessibility links

ABŞ-ın Qafqaz üzrə müşaviri Yerevanda və Bakıda görüşlər keçirib


Ceyhun Bayramov və Lui Bono (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Lui Bono (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono cənubi Qafqaza səfəri əsnasında Azərbaycan və Ermənistan diplomatik rəhbərlikləri ilə görüşlər keçirib. Görüşlərin əsas mövzusu Qarabağda mövcud vəziyyət və sülh danışıqlarının gedişatı olub. Bu arada BMT Baş Katibi Laçın yolunda "hərəkət azadlığına" olan maneələrdən narahatlığını ifadə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Bononun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə yaydığı məlumatda deyilir ki, rəsmi Bakı Qarabağda suveren hüquqlarının qorunmasını önə çəkərək Qarabağ ermənilərini blokadada saxlanılması barədə iddiaları rədd edib.

Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bildirən Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin "qeyri-legitim" olması barədə erməni tərəfin ittihamlarını əsassız sayıb.

"Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib,” Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bundan öncə, avqustun 2-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Yerevanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Arment Qriqoryan və Lui Bono (Mənbə: Ermənistan Təhlükəsizlik Xidməti)
Arment Qriqoryan və Lui Bono (Mənbə: Ermənistan Təhlükəsizlik Xidməti)

Ermənistan Təhlükəsizlik Şurasının məlumatında deyilir ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi müzakirə edilib, “Dağlıq Qarabağd əhalisinin” hüquqları və təhlükəsizliyi məsələlərinə toxunulub.

“Qriqoryan Dağlıq Qarabağdakı humanitar böhran və onun nəticələrini təqdim edərək, Laçın dəhlizindəki problemin qarşısının alınmasının vacibliyini vurğulayıb,” məlumatda qeyd edilir.

İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.

“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.

ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.

ABŞ dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.

BMT Baş Katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral və 6 iyul qərarlarını rəhbər tutaraq Laçın yolunda insanların, maşınların və karqonun hərəkətinin sərbəstliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

“O, xüsusi olaraq ərazidə pisləşən humanitar situasiya haqqında gələn xəbərlərdən narahatlığını ifadə edibb və ehtiyacı olan insanlara humanitar yardımın çatdırılması üçün təcili addımlar atılmasına çağırıb,” deyə baş katibin sözçü yardımçısı Farhan Haq Quterreşə istinadən bildirib.

O, əlavə edib ki, BMT Baş Katibi tərəfləri regionda sülh və təhlükəsizlik naminə münasibətlərin normallaşdırlması üçün səylərini intensivləşdirməyə çağırıb.

Forum

XS
SM
MD
LG