İyulun 25-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli və ikitərəfli formatda danışıqları keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bakı ilə Yerəvan arasında sülh müqaviləsinin hazırlanmasına, qalan məsələlərin həlli yollarının axtarılmasına xüsusi diqqət yetiriləcək, Rusiya buna maksimum köməklik göstərməyə hazırdır” - məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri Qarabağ ətrafındakı vəziyyətin de-eskalasiyası və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar, 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını müzakirə edəcəklər.
Məlumatda həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas məsələlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, ictimaiyyət və ekspertlərin xətti ilə təmaslar, parlamentarilərin dialoqunun başlanmasını müzakirə edəcəkləri qeyd edilib.
Ceyhun Bayramov və Ararat Mirzoyanla ikitərəfli danışıqlar zamanı siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəmlərinin aktual məsələlərinin müzakirəsinə diqqət yetirmək planlaşdırılır.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iyulun 15-də Brüsseldə keçirilən növbəti görüş rəsmi Moskva tərəfindən tənqidlə qarşılanıb.
Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də “Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı” yaydığı bəyanatda deyilir ki, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb.
“Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mövqeyini kökündən dəyişdi.
Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə Yerevan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlanılmalıdır. Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin etibarlı və aydın təminatları, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün maddələrinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasının ciddi şəkildə yerinə yetirilməsi olmalıdır”, sənəddə qeyd edilir.
Bununla yanaşı bəyanatda deyilir ki, qeyd olunanları nəzərə alaraq, Rusiya tərəfi Dağlıq Qarabağın normal həyatını bərpa etmək üçün beynəlxalq ictimaiyyətin səylərinə fəal töhfə vermək niyyətini təsdiqləyir.
“Sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə və ardınca Moskvada həmin sənədin imzlanması üçün Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirilməsinə hazırıq”.
Rəsmi Moskva bildirir ki, bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi narahatlıq doğurur.
“Bölgədə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri - bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bu dəhlizlə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin bərpası, eləcə də rayonun enerji təchizatı üçün təcili tədbirlər görməyə çağırırıq”, Rusiya Xarici İşlər Naziliyi qeyd edir.
Rusiya Xarici İşlər Nazirlıiyinin bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən etirazla qarşılanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin “üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur”.
“Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir”, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Rəsmi Bakı Azərbaycanın 44 günlük müharibədən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsipini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəf olduğunu xatırladır.
“Azərbaycan həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”.
Rəsmi Bakı Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsi, məntəqənin Ermənistan tərəfdən atəşə tutulması və Azərbaycan hərbçisnin yaralanması, Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri ilə qaçaqmalçılıq cəhdlərini və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu şərhində xatırladır.
“Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir.
Qeyd edilənlərə baxmayaraq, məhz Rusiyaın tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.
Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur.
Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək”, Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Rəsmi Yerevan Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına hələ şərh verməyib. Bununla yanaşı, iyulun 15-də Xankədi şəhərində erməni sakinlərin etiraz aksiyası başlayıb. Həmçinin Ermənistan müxalifəti ölkənin Baş naziri Nikol Paşinyanın apardığı siyasəti sərt tənqid edib.
Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə beş görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, dördüncü görüş 31 avqust 2022-ci ildə, sonuncu görüş isə bu ilin 14 may tarixində keçirilib.