Accessibility links

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib


İyulun 17-si Ceyhun Bayramov Rusiyanın Azərbaycana təyin edilmiş yeni səfirini qəbul edib
İyulun 17-si Ceyhun Bayramov Rusiyanın Azərbaycana təyin edilmiş yeni səfirini qəbul edib

Rusiya xarici işlər nazirinin müavini Andey Rudenko ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında iyulun 17-də baş tutan görüşdə Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan sülh danışıqları prosesi müzakirə edilib.

Rusiya XİN-in yaydığı məlumata əsasən, qarşılıqlı hörmət və konstruktiv şəraitdə keçən görüşdə Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Laçın dəhlizinin tam və dərhal açılmasının, hər iki istiqamətdə nəqliyyat əlaqələrinin bərpasının, eləcə də Qarabağda normal həyat şəraitinin yaradılmasının zəruriliyini vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 15-də verdiyi bəyanatla bağlı şərh verib.

“Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb və yanaşır və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında ikitərəfli Bəyannaməyə tam sadiqdir. Eyni zamanda, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hərtərəfli təşviqi, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla gündəlikdə duran bütün məsələlərin müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla həll edilməsi məsələsini istisna etmir”, bəyanatda qeyd edilir.

Rəsmi Moskva yenidən Sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə və ardınca Moskvada həmin sənədin imzlanması üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti keçirilməsinə hazır olduğunu vurğulayıb.

Rəsmi Bakı görüş barədə məlumat yaymayıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimov ilə bugün baş tutan görüşdə bölgədə vəziyyəti və Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

Azərbaycan XİN-in məlumatına görə, görüş zamanı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.

“Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacağı və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib”, məlumatda bildirilir.

XS
SM
MD
LG