Accessibility links

Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının görüşü olub


Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyan (Mənbə: Rusiya Baş Prokurorluğu)
Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyan (Mənbə: Rusiya Baş Prokurorluğu)

İyunun 15-də Rusiyanın Sankt-Peterburq şəhərinin Taurid sarayında Azərbaycan Baş prokuroru Kamran Əliyev, Rusiya Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında üçtərəfli görüş baş tutub.

Rusiya Baş Prokurorluğunun məlumatına görə, görüşdə çıxış edən İqor Krasnov deyib ki, tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub.

Əvvəlki üçtərəfli görüş 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Azərbaycan, Rusiya, Ermənistan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

“Bildiyiniz kimi, bir aydan az əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü oldu. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər. Bu baxımdan, bizim daimi təmaslarımızı davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm.

Şəxsən mən və bütün tabeliyimdə olanlar, o cümlədən sərhəd bölgəsində dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı və orada yaşayan hər kəs üçün layiqli həyat üçün təhlükəsiz şərait yarada biləcəyik”, qeyd edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, Azərbaycan Baş prokuroru Kamran Əliyev bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgərinin “əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistanın hərbçiləri tərəfindən əsir götürüldüyünü,” onlara qarşı “saxta sübutlarla cinayət təqibi aparıldığını, habelə iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəsinin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçunun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğunu bildirib”.

Ermənistan Baş Prokurorluğu üçtərəfli görüşlə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG