"Avropa İttifaqı Cənubi Qafqazda sülh naminə fəaliyyəti tam şəffaf olub və belə də olacaq".
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar twitter hesabında bildirib.
"Biz bundan sonra da xalqların rifahı üçün çalışacağıq", deyə o bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.
Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir. Missiyanın müddəti iki il olacaq.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bununla bağlı Twitter-də paylaşım edib.
"Biz Aİ-nın Ermənistana tamhüquqlu mülki missiya göndərmək qərarını çox alqışlayırıq. Biz missiya ilə asanlıqla əməkdaşlıq edəcəyik və onun fəaliyyətinə dəstək verəcəyik. Bu missiya regionun sülh, sabitlik və təhlükəsizliyinə töhfə verəcək" , o qeyd edib.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, Avropa İttifaqının missiyası ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır.
"Baxmayaraq ki, missiya Ermənistan ərazisindədir, ancaq missiya Azərbaycan sərhədi istiqamətində olduğu üçün Azərbaycan tərəfi ilə məlumat mübadiləsi olmalıdır", nazir qeyd edib.
Son günlər isə Rəsmi Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edir.