İyun 1-i Moldovada Avropa Siyasi Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransı keçirən Fransa prezidenti Emmanuel Makron Avropada davam edən münaqişələrin həll edilməsinin zəruri olduğunu vurğulayıb.
Ukrayna müharibəsi, Kosovodakı gərginlik barədə danışan Makron həmçinin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunub.
“Biz Prezident Mişel və Kansler Şoltsla birlikdə Baş nazir Paşinyanı və prezident Əliyevi bir araya gətirdik. Məqsəd bu iki ölkə arasında danışıqlar prosesi davam etdirmək və Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqdır. Bunun üçün hər iki ölkənin suverenliyinə, insanların, o cümlədən azlıqların təhlükəsizliyinə hörmət edilməlidir. Bu, bizim üçün önəmlidir”, Makron qeyd edib.
Yelisey Sarayının görüş barədə məlumatında Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 6-da Praqada Alma-Ata bəyannaməsində müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı qəbul etdikləri öhdəlikləri, o cümlədən Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqlədikləri bildirilib.
“Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də müharibə məhbuslarının tezliklə azadlığa buraxılmasına dair öhdəliyə hörmət etməyə çağırıblar. Onlar həmçinin Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasını verdiyi töhfənin vacibliyini xatırladıblar. Nəhayət, Dağlıq Qarabağ erməniləri üçün hüquq və təminatların müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb. Prezident Emmanul Makron hər hansı düşmənçilik ritorikasına yol verməməyin və regionda bütün əhalinin rifahı naminə sülhə qayıtmaq üçün səylərin davam etdirilməsinin vacibliyini xüsusilə təkid etdi”, Fransa Prezidentinin mətbuat xidməti qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın görüş barədə yaydığı bəyanatın tərəflərin mövqeyini təhrif etdiyini deyib.
“Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, Ayxan Hacızadə vurğulayıb.
Ötən gün Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Moldovada Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun arasında beştərəfli qeyri-rəsmi görüş baş tutub.
Görüşdən sonra mətbuata açıqlamasında Şarl Mişel görüşün uğurlu keçdiyini, gündəlikdə olan bütün məsələri müzakirə etdiklərini deyib.
“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik və hüquqlar, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq”, Şarl Mişel qeyd edib.
Şarl Mişel həmçinin liderləri Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammiti çərçivəsində beştərəfli formatda yenidən görüşməyə dəvət edəcəklərini vurğulayıb.
“Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik və həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik. Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik", Aİ Şurasının prezidenti əlavə edib.
Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü iyulun 21-i Brüsseldə baş tutacaq.