Accessibility links

Fransa və Azərbaycan prezidentləri Praqa görüşünün nəticələrini müzakirə edib


İlham Əliyev və Emmanuel Makron(Arxiv foto, mənbə VOA)
İlham Əliyev və Emmanuel Makron(Arxiv foto, mənbə VOA)

Noyabrın 12-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

“Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb,” məlumatda qeyd edilir.

Yelisey sarayının rəsmi saytı isə bildirir ki, telefon söhbəti zamanı iki lider oktyabrın 6-da Avropa Siyasi Birliyinin birinci iclası çərçivəsində prezident Əliyev və baş nazir Paşinyanı bir araya gətirən Praqa sammitindən sonra Fransa prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə yaxın koordinasiyanı davam etdirmək istəyiblər.

Məlumatda deyilir ki, Fransa Prezidenti Praqa sammitində yerləşdirilməsi qərara alınmış Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasının sabitləşdirici təsirini yüksək qiymətləndirib.

“Prezident Makron Fransanın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə və regionda sülhün bərqərar olmasına imkan verəcək siyasi həll yolunda çalışmağa tam hazır olduğunu bir daha təsdiqləyib,” Yelisey sarayının məlumatında deyilir.

Mövzuya uyğun

XS
SM
MD
LG