Accessibility links

Ceyhun Bayramov və Cozef Borel arasında telefon danışığı baş tutub


Ceyhun Bayramovla və Cozef Borel arasında danışığı baş tutub. (photo : XİN)
Ceyhun Bayramovla və Cozef Borel arasında danışığı baş tutub. (photo : XİN)

Oktyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Azərbaycan XİN-nin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı "Praqada 6 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri və bundan irəli gələn məsələlər, habelə bölgədəki vəziyyət müzakirə edilib".

Rəsmi məlumatda Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verdiyi bildirilib.

"Aİ tərəfi Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib," Azərbaycan XİN-nin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırdığı qeyd edilib. Nazir Bayramovun Cenevrə görüşü zamanı sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu, bu və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu vurğuladığı bildirilib.

Azərbaycan XİN-nin mətbuat xidmətinin məlumatına əsasən, telefon danışığı zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG