Accessibility links

Şarl Mişel: Biz Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması üçün qərar verdik


Aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında işçi nahar formasında görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür.

"Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq," o, qeyd edib.

Avropa İttifaqının görüşün yekunları ilə bağlı yaydığı bəyanatda isə deyilir: "Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Prezident Mişel həmçinin vurğuladı ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.

Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Üçtərəfli formatda görüşdən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə təkbətək görüşü olub.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə prezident Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

Ermənistan mediasının məlumatına görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan dünənki təkbətək görüşündə üçtərəfli danışıqların səmərəli olacağına, sabitliyə və problemin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Nikol Paşinyan və Şarl Mişel, həmçinin Ermənistan-Avropa İttifaqı ikitərəfli gündəliyinə dair məsələləri, xüsusilə Aİ-nin Ermənistan üçün elan etdiyi 2,6 milyard avro məbləğində investisiya və iqtisadi planın icrasını müzakirə ediblər.

Bu görüş münaqişə başa çatandan sonra Avropa İttifaqının prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin üçüncü görüşüdür. Belə ki, üçtərəfli formatda birinci görüş 2021-ci il dekabrın 14-də olub.

Bu il fevralın 4-də isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və baş nazir Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

XS
SM
MD
LG