Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş olub


Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş, 2 oktyabr, 2020. (Rəsmi foto)
Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş, 2 oktyabr, 2020. (Rəsmi foto)

Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Görüş avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin bəyanatında deyilir ki, nazir Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

“Nazir [Bayramov] bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub,” sənəddə qeyd edilir.

Mətbuat xidməti idarəsi bildirir ki, nazir Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, nazir Ararat Mirzoyan Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması və bütün erməni hərbi əsirlərin dərhal azad edilməsi ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiqləyib.

“Sərhəddə vəziyətə nəzarət üçün beynəlxalq mexanizmlərin tətbiqi vurğulanıb.”

Ermənistanın xarici işlər naziri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin “törətdiyi hərbi cinayətlər beynəlxalq məhkəmələr tərəfindən aydın şəkildə qiymətləndirilməli, cinayətkarlar məsuliyyətə cəlb edilməlidir. Tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, o cümlədən Stepanakert (Xankəndi) və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına dair qarşılıqlı anlaşma müsbət qiymətləndirilib,” Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.

İki ölkənin xarici işlər nazirlərinin görüşü Azərbaycan-Ermənistan sərhədində son gəginliklərdən sonraya təsadüf edir.

Belə ki, bu il sentyabrın 12-dən 14-dək və sonrakı günlərdə Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırıb.

Rəsmi məlumatlara görə, döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 208 nəfərə çatıb, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda görüşü olub və iki ölkənin sərhədindəki son gərginlik müzakirə edilib.

"Biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik," Ceyk Sallivan görüşdən sonra qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG