Accessibility links

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan xarici işlər naziri ilə sərhəddəki gərginliyi müzakirə edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin köməkçisi Karen Donfrid
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin köməkçisi Karen Donfrid

Sentyabrın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində “genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə” qarşı tərəfə məlumat verib.

“Nazir Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmasının, ərazilərin minalanması işini davam etdirməsinin Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb,” məlumatda qeyd olunur. “Azərbaycan tərəfindən işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılan bir zaman, hərbi gərginliyin artmasında maraqlı olmadığı ABŞ tərəfinə bildirilib.”

Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər başlayıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

XS
SM
MD
LG