Accessibility links

Azərbaycan-Ermənistan sərhədində növbəti gərginlik - ölənlər və yaralanan var


Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu (Bakıdan 480 kilometr qərb) istiqamətində gərginlik davam edir. Rəsmi məlumatlara görə, sentyabrın 28-də qarşılıqlı atışmalar olub, ölənlər və yaralanan var.

Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidməti bildirir ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-də Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat İsgəndərov yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aram Torosyan bildirib ki, Azərbaycanın "təxribatı nəticəsində 3 erməni hərbçisi həlak olub".

İki ölkənin sərhədindəki yeni gərginlik Vaşinqtonda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşdən bir gün sonraya təsadüf edir.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri twitter səhifəsində bildirib ki, sentyabrın 27-də Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqları üçün vasitəçilik edib.

"Biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik," Ceyk Sallivan qeyd edib.

Bundan öncə, sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırıb.

Rəsmi məlumatlara görə, döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Bununla yanaşı, Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG