Accessibility links

Laurens Broers: "Son döyüşlər Avropa İttifaqı üçün çox ciddi problem yaradır"


Laurens Broers: "Son döyüşlər Avropa İttifaqı üçün çox ciddi problem yaradır"
please wait

No media source currently available

0:00 0:09:21 0:00

Laurens Broers: "Son döyüşlər Avropa İttifaqı üçün çox ciddi problem yaradır"

Londonda qərargahlanan Chatham House təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers Amerikanın Səsinə müsahibəsində Azərbaycanla Ermənistan arasında baş verən son döyüşlərin səbəblərini, tərəflər arasında əldə olunan atəşkəsi və iki ölkə arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqların aqibətini şərh edib.

Amerikanın Səsi: Bazar ertəsi gecə Ermənistan və Azərbaycan arasında döyüşlər başlayıb. Hər iki tərəf digərinin intensiv artilleriya atəşi açdığını bildirib və hər iki ölkə qarşı tərəfin təxribatına qarşı müvafiq cavablar verdiyini iddia edib. İki ölkə arasında son döyüşlərin arxasında duran səbəblər haqqında fikriniz nədir?

Laurens Broers: Düşünürəm ki, bu cür kritik hadisələrə üç fərqli dinamika və ya amilin bir araya gəlməsi səbəb olub. Bunlardan birincisi, Azərbaycanın çox mühüm hərbi qələbə qazandığı 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində həll olunmayan məsələlərdir. Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin bir çoxunu geri aldı. Ancaq Dağlıq Qarabağdakı mübahisəli ərazinin bir hissəsi hələ də Ermənistanın de fakto nəzarəti altında və Rusiya sülhməramlılarının nəzarətidədir. Beləliklə, biz biri Rusiyanın vasitəçiliyi, bir də Avropa İttifaqının vasitəçiliyi ilə intensiv danışıqların aparıldığını görürük. Amma hesab edirəm ki, bu proses bir növ dalana dirənib. Yəni, ortada yarımçıq qalan bir iş hissi var və Azərbaycan sülh müqaviləsinə doğru irəliləmək istəyir.

İkinci amil Rusiyanın Ukraynaya təcavüzüdür ki, bu da Rusiyanın təhlükəsizlik oyunçusu, Ermənistanın təhlükəsizlik himayədarı kimi nüfuzunu kəskin şəkildə azaldıb, konkret olaraq da Dağlıq Qarabağda sülhməramlı missiyası baxımından. Bilirsiniz ki, bu, mandatı olmayan, həm Ermənistanın, həm də Azərbaycanın xoş niyyətindən asılı olan və 2025-ci ildə başa çatacaq bir missiyadır. Ona görə də, düşünürəm ki, Azərbaycan əslində Rusiyanın təsirinin azalması ilə öz gündəmini irəlilətmək üçün bir fürsət gördü.

Üçüncü amil isə Azərbaycanın böyük hərbi üstünlüyüdür. Ermənistan qüvvələri 2020-ci ildən sonra sarsılıb. Azərbaycan həqiqətən də texniki və digər baxımlardan hərbi üstünlüyə malikdir və ona görə də Azərbaycanın strategiyası, belə desək, bir növ məcburi sövdələşmə yanaşmasıdır. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda müzakirə olunan regional əlaqə və sərhədlərin açılması məsələləri ilə bağlı müsbət sövqedici amillər var. Eyni zamanda isə Ermənistanı Azərbaycanın şərtləri ilə sülh müqaviləsinə razılaşdırmaq məqsədilə danışıqlar masasına gətirmək üçün hərbi təzyiqi davam etdirən mənfi amillər var.

Amerikanın Səsi: Ermənistanın yüksək vəzifəli rəsmisi çərşənbə günü axşam saatlarında bildirib ki, iki gün davam edən döyüşlərdən sonra Azərbaycanla atəşkəs əldə olunub. Avropa İttifaqı iki ölkə arasında indiyədək “riayət olunan” atəşkəs rejimini alqışlayıb. Siz atəşkəsin davam edəcəyini gözləyirsinizmi? Yoxsa yenidən növbəti döyüşlər ola bilərmi?

Laurens Broers: Mən bu epizodun səngiyəcəyini gözləyirəm, amma düşünürəm ki, sülh prosesinin daha ciddi dinamikasını görənə qədər bu cür gərginliklər daha çox olacaq.

Aydındır ki, bu yeni bir hal deyil. Ötən ilin may ayından etibarən Ermənistan-Azərbaycan arasındakı beynəlxalq sərhəddə gərginlik davam edir. Bu ilin martında və avqustun əvvəlində Dağlıq Qarabağda iki mühüm eskalasiya baş verib. Və mən hesab edirəm ki, bu, Azərbaycanın öz gündəmini sülh sazişinə doğru irəlilətmək üçün tətbiq etdiyi strategiyanın bir hissəsidir. Və Azərbaycanın bunun üçün nəzərdə tutduğu çərçivəyə Qarabağ erməniləri üçün təminatların müzakirəsi daxil deyil. Və buna görə də düşünürəm ki, Azərbaycanın mövqeyini möhkəmləndirmək təşəbbüsü var. Zənnimcə, 2020-ci ildə Azərbaycanın əsas qələbələrdən biri Ermənistanın Dağılıq Qarabağda baş verənlər baxımından neytrallaşdırılmasıdır. Nəzərə alsaq ki, Azərbaycan münaqişəni erməni irredentizmi kimi təhlil edir, o zaman bunun münaqişəni Azərbaycanın istədiyi kimi həll etmək strategiyası olduğunu görə bilərsiniz.

Amerikanın Səsi: Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti cümə axşamı Yerevana səfər edir. Ermənistan KTMT-nin üzvüdür və Yerevan artıq Moskvadan hərbi yardım istəyib. Döyüşlər bərpa olunarsa, KTMT-nin Ermənistana istədiyi dəstəyi verəcəyini gözləyirsinizmi?

Laurens Broers: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın rəhbərlik etdiyi regional təhlükəsizlik təşkilatıdır.

KTMT-nin məqsədi və həqiqətən normal və ya funksional təhlükəsizlik təşkilatı sayıla biləcəyi ilə bağlı şübhələr və mübahisələr olub. Biz KTMT-nin bu ilin yanvarında Almatı və digər şəhərlərin küçələrində etirazlar və zorakılıqlar fonunda oradakı hökumətə dəstək üçün Qazaxıstana çox sürətlə qüvvə göndərdiyinə şahid olduq.

Keçmişdə hücuma məruz qalan KTMT üzvünə qarşı kollektiv, belə desək, təhlükəsizlik reaksiyası olmayıb. Beləliklə, mənim gözləntim odur ki, biz KTMT-nin idarəetmə strukturundan bir növ icraedici, simvolik dəstək görəcəyik. Biz buna artıq faktların araşdırılması missiyasını göndərmək vədindən gördük. Lakin biz digər KTMT üzvləri tərəfindən Ermənistanı hərbi cəhətdən dəstəkləməkdə heç bir marağın olmadığını da çox aydın şəkildə gördük.

Qazaxıstanın yüksək səviyyəli rəsmisi Ermənistanın sərhədinin pozulması fikrini faktiki olaraq şübhə altına aldı. Və məncə, o klassik Azərbaycan cümləsini təkrarladı ki, sərhəd demarkasiya olunmayana qədər sərhəd pozula bilməz.

Ona görə də düşünürəm ki, biz KTMT-dən hərbi dəstək görməyəcəyik. Mən həmçinin hesab edirəm ki, Yerevanda bunu çox yaxşı başa düşürlər. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər dövlətlərin səfərbər olmasını gözləmir. Düşünürəm ki, əsl məsələ Rusiyanın nə edib-etməyəcəyidir.

Amerikanın Səsi: Avropa İttifaqı iki ölkə arasında sülhün qurulması prosesinə vasitəçilik edir. Aİ Şurasının prezidenti Çarlz Mişel iki ölkənin liderləri ilə bir sıra üçtərəfli görüşlər keçirib. Çoxları bu prosesi diplomatiyanın tərəfləri sülhə yaxınlaşdıracağına dair bir ümid kimi görürdü. Lakin onlar deyirlər ki, son döyüşlər yaxın gələcəkdə hər hansı sülh perspektivinə kölgə salıb. Bəziləri isə iddia edirlər ki, son döyüşlər faktiki olaraq prosesi sürətləndirə və tərəfləri hərtərəfli razılaşmaya yaxınlaşdıra bilər. Bu məsələyə münasibətiniz nədir?

Laurens Broers: Sizin dediyiniz kimi, Avropa İttifaqı bu prosesə xeyli siyasi kapital və sərmayə qoyub. Brüsseldə indiyədək dörd görüş olub, sonuncu görüş iki həftədən az əvvəl, avqustun 31-də keçirilib.

Məncə diqqətimizdən yayınmamalı olan məsələ odur ki, Bakı ilə Yerevan arasında gündəmdə olan bir sıra məsələlər üzrə irəliləyiş etməyə dair razılıq var. Bunlara regional əlaqə və sərhədlərin açılması, habelə minaların təmizlənməsi və hərbi əsirlərlə bağlı humanitar məsələlər və sərhədlərin demarkasiyası daxildir. Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat məsələsi ilə bağlı isə fikir ayrılığı var.

Düşünürəm ki, bu son döyüşlər Avropa İttifaqı üçün çox ciddi problem yaradır. Və momentumu qoruyub-saxlamağın mümkün olub-olmadığını görəcəyik. Düşünürəm ki, Avropa İttifaqı üçün əsas problem müəyyən mənada çox stimulun olmasıdır. Onlar iqtisadi dəstək, təcrübə, investisiya verə bilər. Bundan əlavə sərhədlərin demarkasiyası kimi məsələlərə texniki dəstək verə bilər. Amma Aİ-nin təhlükəsizliklə bağlı təklifi yoxdur.

Təhlükəsizlik məsələri hələ də, böyük ölçüdə Rusiyadan, Ukraynaya müdaxilə kontekstində zəifləmiş Rusiyadan asılıdır. Beləliklə, biz gələcəkdə müəyyən bir nöqtədə, əlaqə və ticarət kimi müsbət amilləri bir araya gətirə biləcək daha əhatəli struktur, eyni zamanda isə ehtiyacı olan hər kəs üçün mənalı təhlükəsizlik zəmanətləri görməliyik.

XS
SM
MD
LG