Accessibility links

Veyn Merri: Qafqazda baş verən hər hansı mühüm bir hadisəyə Ankara cəlb olunacaq


Veyn Merri: Qafqazda baş verən hər hansı mühüm bir hadisəyə Ankara cəlb olunacaq
please wait

No media source currently available

0:00 0:09:24 0:00

Veyn Merri: Qafqazda baş verən hər hansı mühüm bir hadisəyə Ankara cəlb olunacaq

Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri Amerikanın Səsinə müsahibədə sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində baş verən döyüşləri, bu döyüşlərin Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlara habelə Türkiyə-Ermənistan münasibətlərinə təsirini şərh edib.

Amerikanın Səsi: Cənab Merri, çərşənbə axşamı Ermənistan və Azərbaycan arasında döyüşlər baş ver Tərəflər döyüşün başlamasına görə bir-birini günahlandırıb. Bu, Rusiyanın vasitəçiliyi ilə atəşkəslə başa çatan 2020-ci il müharibəsindən sonra iki tərəf arasında ən çox itkinin olduğu döyüşlər oldu. Qarşıdurmanın hərbi xarakteri ilə bağlı ilkin təəssüratlarınız necədir? Bu döyüşlər əvvəlkilərdən nə ilə fərqlənir?

Veyn Merri: Düşünürəm ki, burada, Vaşinqtonda belə bir fərziyyə var ki, bu toqquşmalar əslində o qədər də Azərbaycan və Ermənistanla bağlı deyil, nə qədər ki, Rusiya və Türkiyə ilə bağlıdır. Bu toqquşmaların zamanlaması elədir ki, Rusiyanın başı indi o qədər Ukraynadakı müharibəyə qarışıb ki, onlar nəinki Qafqaz diplomatiyası, bəlkə də Ermənistan qarşısında müqavilə əsasında hərbi öhdəlikləri baxımından effektiv reaksiya verə bilməyəcək. Vaşinqtonda müşahidə olunub ki, son iki gündə döyüşlərin çox hissəsi Qarabağda və onun ətrafında deyil, iki respublika - Azərbaycanla Ermənistan arasındakı faktiki sərhəddə baş verib. Bu da 2020-ci ildə sırf Qarabağda baş verən və bu səbəblə də Rusiya Federasiyasının Ermənistanla qarşılıqlı təhlükəsizlik müqaviləsi üzrə öhdəliklərini əhatə etməyən 2020-ci il müharibəsindən fərqli bir vəziyyətdir.

Ancaq indiki döyüşlər bu öhdəlikləri əhatə edir və ya etməlidir. Moksvanın bu məsələdə düşüncəsinin nə olduğu tam aydın deyil. Mən belə başa düşürəm ki, döyüşlərin bir hissəsi düzgün müəyyən edilməmiş sərhəd boyunca yerləşən ərazilərdə baş verib.

Ona görə də Moskva deyə bilər ki, onlar həmin ərazinin Ermənistana aid olub-olmadığını bilmirlər. Ancaq hər halda nə zaman ki, iki ölkə arasındakı sərhəddə döyüş olur, bu, Moskva üçün daha böyük problem yaradır, çünki onların Ermənistan qarşısında müqavilə əsasında öhdəlikləri var və Ermənistan da buna ciddi yanaşır.

Bununla yanaşı bir sual da onunla bağlıdır ki, bu, nə dərəcədə Türkiyənin siyasi planlaşdırma səviyyəsində hər hansı bir iştirakına gətirib çıxara bilər, çünki 2020-ci il müharibəsində Türkiyənin böyük iştirakı var idi. Ona görə də, deyərdim ki, hazırda Vaşinqtonun nöqteyi-nəzərindən narahatlıq, nə qədər təəssüf doğursa da, o qədər də Azərbaycan və Ermənistan arasında quru döyüşləri ilə bağlı deyil, nəinki Rusiyanı və Türkiyənin cəlb olunmasına gətirib çıxaracaq hadisələrlə bağlıdır.

Amerikanın Səsi: Aİ son vaxtlar fəal şəkildə Azərbaycan və Ermənistan arasında vasitəçi qismində iştirak edir. Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel iki ölkənin liderləri ilə bir neçə dəfə üçtərəfli görüşlər keçirib. Siz son döyüşlərin Aİ-nin vasitəçiliyi ilə iki tərəf arasında sülhün qurulması prosesinə xələl gətirəcəyini gözləyirsinizmi?

Veyn Merri: Bəzən döyüş faktiki olaraq diplomatik prosesi gücləndirə bilər, bəzən isə sarsıda. Yəni, bunu bilmək olmaz. Ancaq bəzən, təəssüfedici olsa da, döyüşlər diplomatiyaya bir az təkan verir. İndi burada problem ondadır ki, nəzəri cəhətdən diplomatiya üçtərəfli olmalıdır - Avropa, Amerika və Rusiyanın iştirakı ilə, amma belə deyil.

Və belə bir sual yaranıb ki, Rusiya hökumətinin bu işə qarışmağa nə dərəcədə vaxtı və diqqəti olacaq. Kremlin sözçüsü cənab Peskov çox aydın şəkildə bildirdi ki, prezident Putin bu hadisələri yaxından izləyir və o, Rusiyanın Ermənistan qarşısında götürdüyü müqavilə öhdəliklərinə çox böyük hörmətlə yanaşır.

Məncə Kremlin bu işə qarışmaq imkanının və istəyinin real olduğunu bildirməyə çalışdığına dair şübhə yoxdur. Ancaq Rusiyanın, erməni müttəfiqinin tərəfindən məsələyə cəlb olunmağa qərar verdiyi təqdirdə, fiziki baxımdan oraya qüvvələr yerləşdirməyə qadir olduğuna dair suallar var.

Bundan əlavə bu hadisələrin, 2020-ci ildəki kimi Türkiyənin Mərkəzi Qafqazda rolunu getdikcə daha çox artırıb-artırmayacağına dair sual var. Uzun müddət orada həqiqətən böyük rolu olan yeganə xarici böyük güvvə Rusiya idi. İndi isə bu rol daha çox Rusiya və Türkiyəyə aiddir. Və təəssüf ki, Birləşmiş Ştatların daha az siyasi və diplomatik iştirakı ilə.

Amerikanın Səsi: Ötən ay ABŞ-ın dövlət katibi Antoni Blinken səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib. O həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərəcək. Onun regiona səfəri son döyüşlərə təsadüf edib və o, çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə son hadisələri müzakirə edib. Həmçinin dövlət katibi sərhəddə toqquşmalarla bağlı xəbərlərin ardınca bəyanat yayaraq, bütün hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırıb. O, həmçinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı aparıb və ABŞ-ın iki ölkə arasında döyüşlərin dərhal dayandırılması və sülh yolu ilə nizamlanması üçün səy göstərəcəyini vurğulayıb. Bu hadisələr fonunda sizcə, Bayden administrasiyasının Cənubi Qafqaz siyasəti nədir? ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh qurmaq səylərində daha çox iştirak etməsini gözləmək olarmı?

Veyn Merri: Bayden administrasiyasının nəhayət bu məsələlər üzrə regional koordinatorunun olması müsbət bir haldır. Əvvəllər yox idi. O indi bölgəyə gedib bu işdə fəal iştirak edə bilər. Ona bu rolunda uğurlar arzulayıram.

Amma bunun nə dərəcədə ABŞ-ın Qafqazdakı məsələlərdə real iştirakını əks etdirdiyini söyləmək çətindir. Qeyd etməliyəm ki, eyni vaxtda ABŞ elan etdi ki, biz Ermənistandakı səfirimizi ABŞ-ın Moskvadakı yeni səfiri vəzifəsinə təyin edirik. Onun təyinatı təsdiq olunmalıdır. Ancaq Birləşmiş Ştatların bəzən Yerevan, bəzən isə Bakıda uzun müddət səfirinin olmamasını nəzərə aldıqda, biz iki il müddətinə Ermənistanda səfir vəzifəsində çalışan birini Rusiyada səfir vəzifəsinə yüksəldirik. İndi baxaq görək administrasiyanın Ermənistana yeni səfir təyin etməsi nə qədər vaxt alacaq.

Amerikanın Səsi: Türkiyə çərşənbə axşamı Azərbaycanı dəstəkləməyə davam etdiyini bildirib və Ermənistanı “təxribatlarını dayandırmağa” çağırıb. Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla da danışıqlar aparıb. Türkiyə Müdafiə Nazirliyi açıqlamasında “Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu və haqlı işlərində bundan sonra da yanında olacağını” vurğulayıb. Bu bəyanatları nəzərə alsaq, son hadisələr Türkiyə-Ermənistan münasibətlərinə necə təsir edə bilər?

Veyn Merri: Türkiyə-Ermənistan əlaqələri həmişə mürəkkəb olub və xüsusilə də ermənilərlə azərbaycanlılar arasında döyüşlərin getdiyi dövrlərdə.

Ancaq deyərdim ki, mən kifayət qədər əminəm ki, Ankara Azərbaycanın qabaqcadan təsdiqləmədiyi və özünün koordinasiya etmədiyi hər hansı döyüş aparmasını istəmir. 2020-ci ildəki müharibənin də mahiyyəti bu idi ki, Türkiyə təkcə silah deyil, həm də əməliyyat bacarığı və planlaşdırma baxımından dəstək verirdi. Məhz buna görə də, həmin müharibə NATO səviyyəsində hərbi avadanlıqdan istifadə edən bir ölkə ilə (ki, Azərbaycanda bunlar var idi) sovet tipli hərbi avadanlıqla döyüşən ölkə arasında müharibə idi. Ermənistan da buna görə də məğlub oldu.

İndi isə Ermənistan regiondakı yeni aktiv iştirakçının Türkiyənin olduğunu dərk edir. Mərkəzi Qafqazda baş verən hər hansı mühüm bir hadisəyə Ankara cəlb olunacaq. Bu sadəcə olaraq reallıqdır. Ermənistanda bunu qiymətləndirməyən və başa düşməyən hər kəs səfehdir. Bu isə o deməkdir ki, indi Ermənistan Türkiyəyə məhəl qoymamaq əvəzinə Türkiyə ilə, mənim fikrimcə illər öncə etməli olduğu yollarla, əlaqə qurmağın vacibliyini anlamalıdır.

Amma əlbəttə ki, mən hesab etmirəm ki, Yerevanda kimdəsə bu məsələnin Bakı ilə Yerevan arasında və ya bu iki ölkə ilə Moskva arasında olduğuna dair yanlış təsəvvür yaransın.

Ankara orada əsas iştirakçıdır və uzun müddətcə belə olacaq.

XS
SM
MD
LG