Kollekiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş qərargahı rəhbəri Anatoli Sidorov bildirib ki, hələlik Ermənistana təşkilatın sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir. Onun sözlərinə görə, təşkilat Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid edir.
"Gəlin qabağa qaçmayaq. Sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bildirdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik yollarla həll edilməlidir. Yəni hərbi gücdən istifadə, eləcə də KTMT qüvvələrinin cəlb edilməsi nə sentyabrın 13-ü, nə dünən, nə bu gün və mənim fikrimcə, nə də yaxın gələcəkdə baş verməyəcək" - deyə, Anatoli Sidorov bildirib.
O, sentyabrın 15-də axşam saatlarında bir qrup rəsmi ilə birlikdə Yerevana gedəcəyini bildirib. Onun sözlərinə görə, KTMT-nin baş katibi Stanislav Zas gələn həftə Ermənistan-Azərbaycan sərhədinə getməlidir.
"Baş katibin hazırda digər ciddi beynəlxalq tədbirlərdə iştirak etdiyini, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvətini nəzərə alsaq, onun Ermənistan Respublikasına getməsi daha sonra olacaq", KTMT-nin qərargahı bildirib.
Sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində münaqişənin kəskinləşməsindən sonra Yerevan ölkənin ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan hərbçilərinin çıxarılmasını təmin etmək üçün KTMT-yə 4-cü maddəyə əsasən müraciət edib. Müqavilənin bu maddəsi hərbi yardım göstərilməsini nəzərdə tutur.